“Ötən həftə İstanbulda şərti olaraq razılaşdırılmış Ukrayna taxılının ixracı planına əsasən, ixrac Ukraynanın üç limanı vasitəsilə həyata keçiriləcək və BMT-nin himayəsi altında olan qrup tərəfindən idarə olunacaq”.
Bu barədə yerli mətbuata Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radanın deputatı Rüstəm Umerov məlumat verib.
"İxrac üç limandan keçəcək: Odessa, Yujnı və Çernomorsk, lakin ümid edirik ki, gələcəkdə onları genişləndirə biləcəyik. Hərbi Dəniz Qüvvələrinin və silahlı qüvvələrin bütün tövsiyələrinə əməl edilməlidir", - o deyib.
Deputat qeyd edib ki, bütün mülki gəmilər razılaşdırılmış təhlükəsiz marşrutlar üzrə Ukrayna limanlarına daxil ola biləcək: "Biz hamıya taxıl satacağıq. Və bu tövsiyələrə sərbəst əməl edə bilən bütün gəmilər bizə yaxınlaşa bilər".
R.Umerov BMT-nin İstanbulda nəzdində fəaliyyət göstərən monitorinq qrupunun təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edəcəyini, Rusiyanın bu prosesə təsir etməyəcəyini vurğulayıb.
Xatırladaq ki, iyulun 18-də keçirilən İstanbul görüşü nəticəsində limanlarda birgə nəzarətin və taxıl daşıyan gəmilərin marşrutlarında təhlükəsizliyin təmin edilməsinə dair yekun yazılı sənədin hazırlanmasına dair razılıq əldə olunub.