Ukrayna ilə bağlı vəziyyət fonunda Rusiyaya qarşı sanksiyalarla bağlı qeyri-müəyyənlik səbəbindən Rusiya və Mərkəzi Asiya regionu üzrə məlumatlar ABŞ-ın “Boeing” şirkətinin uzunmüddətli bazar proqnozuna daxil edilməyib.
Fins.az xəbər verir ki, bu barədə şirkətin 2022-2041-ci illər üzrə kommersiya aviadaşımaları bazarının inkişafı ilə bağlı hesabatına şərhində deyilir.
“Rusiya və Mərkəzi Asiyada təyyarələrə tələbatın olmasına baxmayaraq, bu vəziyyətin nə qədər davam edəcəyi ilə bağlı yüksək qeyri-müəyyənlik var. Bu səbəbdən region proqnoza daxil edilməyib”, - hesabatda deyilir.
Şirkətin proqnozlarına görə, yaxın 20 il ərzində qlobal təyyarə parkı 40 min ədəd artacaq. “Boeing” hesab edir ki, sərnişin aviasiyasında yeni təyyarələrin dörddə üçü dar gövdəli olacaq, çünki regional daşımalar sənayenin bərpası və daha da böyüməsində əsas amil olaraq qalacaq.