Xiaomi 12S smartfon seriyasının satışa çıxmasından bir neçə müddət sonra Xiaomi 13 barəsində məlumatlar ortaya çıxıb. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi 13 smartfonları daha tez təqdim olunacaq və Qualcomm-un yeni flaqman prosessorunu əldə edəcək ilk smartfonlar olacaqlar. Məlumatda qeyd edilib ki, Xiaomi 13 Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Sözügedən prosessor bu ilin noyabr ayında təqdim ediləcək. Beləliklə belə qənaətə gəlmək olar ki, Xiaomi 13 smartfon seriyası ya noyabr ayında ya da dekabr ayının əvvəlində təqdim ediləcək.
Xiaomi 13 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli AMOLED ekran və Leica şirkətinin istehsalı olan əsas arxa kamera ilə təchiz oluna bilər. İnsayderin sözlərinə əsasən Xiaomi 13-ün daha bir vacib özəlliyi ondan ibarət olacaq ki, o, 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfonda batareyanın iki hissəyə bölünməməsi üçün şirkət şarj prosesinin idarəsindən cavabdeh olan Surge P1 adlı çipdən istifadə edə bilər. Bununla yanaşı Xiaomi 13 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da əldə edə bilər. Smartfonun sahib olacağı digər texniki göstəricilər barəsində bir məlumat yoxdur.