DÜNYA

13 İyul

Apple pilotsuz elektromobilin hazırlanma prosesində çətinliklərlə qarşılaşıb

Artıq uzun müddətdir ki, internetə sızan məlumatlara əsasən Apple şirkəti Apple Car adlı pilotsuz elektromobil üzərində çalışır. 

"Fins.az" xəbər verir ki, The Information saytının verdiyi yeni məlumata əsasən isə şirkət bu məsələdə bəzi çətinliklər ilə qarşılaşıb. Belə ki, məlumatda qeyd edilib ki, Project Titan kod adına sahib bu layihə üzərində çalışan mütəxəssislər və layihə rəhbəri tez-tez dəyişir. Bundan əlavə olaraq hər dəfə dəyişikliyə layihənin əsas məqsədi də məruz qalır.

Məlumata əsasən Project Titan layihəsinin müəyyən mərhələlərdə uğursuzluqları və onun yekun məqsədinin dəyişməsi səbəbilə onun üzərində çalışanlar artıq ona o qədər də isti baxmırlar. Məlumatda qeyd edilib ki, şirkətin proqram təminatının hazırlanması üzrə baş vitse-prezidenti olan Craig Federighi də bu layihəyə skeptik yanaşır.

 Layihə üzərində rəhbərlik edən şəxslərin tez-tez dəyişməsi onun heç də xeyrinə olmayıb. Layihəyə ən böyük zərbə isə Doug Field adlı rəhbərin layihədən keçən il ayrılması oldu. Onu isə öz növbəsində daha öncə Apple Watch smart saatları üçün watchOS əməliyyat sisteminin hazırlanmasına rəhbərlik etmiş Kevin Lynch əvəzləyib. Məlumatda qeyd edilib ki, pilotsuz elektromobil üçün hazırlanan proqram təminatının dəfələrlə sərgiləndiyi zaman şirkət müyyən problemlər ilə qarşılaşıb. Belə ki, elektromobil öncədən planlaşdırılmış marşrut üzrə problemsiz hərəkət etsə də, yad sahə üzrə hərəkət zamanı idarəni daima fiziki sürücüyə ötürüb. The Information saytının mənbələrinə əsasən Lexus brendinə aid krossoverin təkmilləşdirilmiş versiyası olan Apple elektromobili şirkətin binası ətrafında test səyahətləri zamanı dəfələrlə yol səkilərinə çırpılıb və bəzi hallarda öz yol zolağından kənara çıxıb.