DÜNYA

09 İyul

Qlobal ərzaq qiymətləri ucuzlaşıb

Dünyada ərzaq qiymətləri son 3 aydır ki, ucuzlaşmağa davam edir.

Fins.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib.

Məlumata görə, FAO-nun ərzaq qiymətləri indeksi ötən ay orta hesabla 154,2 bənd təşkil edib, bu da may ayı ilə müqayisədə 2,3% azdır.  Lakin dünyada ərzaq qiymətləri ötən ilki səviyyədən 23,1% yüksəkdir.

Qlobal ərzaq qiymətləri bitki yağları, dənli bitkilər və şəkərin ucuzlaşması səbəbi ilə azalıb. Hesabat dövründə taxıl qiymətləri indeksi 4,1% azalıb. Buna səbəb bəzi əsas istehsalçı ölkələrdə məhsul yığımının yaxşılaşması və Rusiyadan yüksək istehsal perspektivləridir.

Eyni dövrdə bitki yağının qiymət indeksi 7,6%, FAO şəkər qiymət indeksi 2,6% azalıb. FAO ət qiymət indeksi 1,7% artaraq rekord səviyyəyə çatıb. FAO süd məhsullarının qiymət indeksi aylıq müqayisədə 4,1%, illik müqayisədə isə 24,9% artıb.

Əlavə edək ki, FAO-nun ərzaq qiymətləri indeksi beş əsas ərzaq əmtəə qrupunun - taxıl, ət, süd məhsulları, bitki yağları və şəkərin beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri ölçür.