Avropa Birliyinin qanunvericiləri 2 yeni vacib qanunu qəbul ediblər. Söhbət, rəqəmsal servislər (Digital Services Act / DSA) və rəqəmsal bazarlar (Digital Markets Act / DMA) adlı qanunlardan gedir. Hər iki qanun “öz həyatımızda asılı olduğumuz online platformalar üçün nəzərdə tutulmuş ilk hərtərəfli qaydalar toplusu” rolunu oynayır. Aydın məsələdir ki, qəbul edilmiş bu yeni qanunlar Apple və Google kimi nəhəng texnoloji şirkətlərin işlərinə təsir göstərəcəklər. Belə ki, adları sadalanmış şirkətlər özlərinin App Store və Play Market platformalarından istifadə qaydalarında dəyişiklik etməli olacaqlar. İlk əvvəl bu 2 qanun hələ 2020-ci ilin dekabr ayında təklif edilmişdi.
Avropa Parlamenti tərəfindən qanunların qəbul edilməsindən sonra onları əhatə edən sənədlər Avropa İttifaqı Şurasının təsdiqlənmə prosesindən keçməli və Avropa Birliyinin rəsmi jurnalında dərc edilməlidirlər. Yeni qanunlar isə öz növbələrində 20 gündən sonra qüvvəyə minəcəklər. Bu, təqribi olaraq bu ilin payız fəslində baş tutacaq. Yeni qanunvericilik demək olar ki, rəqəmsal seqmentin bütün aspektlərini əhatə edir. Hostinq və provayderlərdən tutmuş online marketplace və böyük online platformalara kimi. DMA adlı qanun böyük online platformalar üçün normalar toplusu qismində çıxış edir. Həmin böyük online platformalar üçün isə vasitəçi (Gatekeeper) anlayışı istifadəyə veriləcək. Vasitəçi statusunu əldə edəcək şirkətlərin özəllikləri aşağıdakı kimi olmalıdır:
- Güclü iqtisadi vəziyyətə sahib və Avropa Birliyinin daxili bazarına əhəmiyyətli təsir göstərən şirkətlər
- Güclü vasitəçilik mövqeyinə sahib olan şirkətlər. Yəni çoxlu sayda müəssisəni böyük istifadəçi kütləsi ilə əlaqələndirən şirkətlər
- Bazarda davamlı və dözümlü vəziyyətə sahib və ya sahib olacaq şirkətlər. Yəni minimum 3 maliyyə ili ərzində yuxarıda qeyd edilmiş 2 bəndə uyğun gələn şirkətlər.
Bu qanun bütün şirkətləri əhatə edir. Hətta Avropa Birliyi regionundan kənarda yerləşən şirkətləri də. DMA adlı qanunun qüvvəyə minəcəyindən sonra Avropa Komissiyası böyük şirkətlərin qiymətləndirilməsini aparacaq, onlardan lazımi məlumatları tələb edəcək və nəticədə həmin şirkətlərdən hansıların vasitəçi statusu əldə edəcəyi təyin ediləcək. Vasitəçi statusunu əldə edəcək şirkət 6 ay ərzində öz biznesini yeni qanunvericiliyin normalarına uyğunlaşdırmalı olacaq. Bunun yerinə yetirilmədiyi halda vasitəçi statusunu əldə etmiş bu və ya digər şirkətin illik qlobal dövriyyəsinin 10%-i qədər cərimə tətbiq ediləcək. Bu cür xəbərdarlıqdan sonra şirkət öz öhdəliyinə düşəni yerinə yetirməməyə davam etsə, onun illik qlobal dövriyyəsinin 20%-i qədər cərimə tətbiq ediləcək. Vasitəçi statusunu əldə edəcək şirkətlər üçün nəzərdə tutulmuş ən vacib qanun normaları aşağıdakılardır:
- Bu şirkətlər özləri tərəfindən yaradılmış platformalarda çalışmaq və ya həmin platformalarla qarşılıqlı əlaqədə olmaq üçün istifadəçilərə kənar tətbiqlər ilə tətbiqlər mağazalarının yazılması imkanını verməlidirlər
- Cihazlardakı ayarların həmin şirkətlərin fərdi məhsullarından və ya servislərindən istifadəsinə işarə edirlərsə, onlar öz istifadəçilərinə cihazlardakı standart sistem tətbiqlərini silə bilmək, əməliyyat sistemi, virtual köməkçi və brauzer ayarlarını dəyişə bilmək imkanını verməlidirlər
- Vasitəçi statusunu əldə etmiş şirkətlərin platformalarından istifadə edən müxtəlif müəssisələrin öz məhsullarının həmin platformalar xaricində irəliləyişlərinə və platformalar xaricində müqavilələr bağlamalarına icazə verilməlidir
- Vasitəçi statusunu əldə etmiş şirkətlər öz servislərindən istifadəni tətbiq tərtibatçıları üçün məcburi etməməlidirlər. Buna misal olaraq ödəniş sistemlərini gətirmək olar
- Bu şirkətlərlə və ya onların platformaları ilə rəqabətdə olan biznes istifadəçilərin heç bir məlumatlarından istifadə edilməməlidir.
DSA adlı qanun bütün rəqəmsal sektor şirkətlərini əhatə edir. Bura həmçinin internet provayderlər, domen adlarının qeydiyyatını aparan servislər və Avropa Birliyi regionunda minimum 45 milyon istifadəçi kütləsinə sahib olmaqla əhəmiyyətli dərəcədə sosial və iqtisadi təsirə malik böyük platformalar daxildirlər. Bu qanun ilk növbədə istifadəçilərin qanunsuz kontentlərdən qorunmalarına və şikayətlərin təqdim edilməsi prosesinin sadələşdirilməsinə istiqamətlənmiş yeni qanun normalarını təyin edir. Bu qanun həmçinin online platformalardakı bəzi növ məqsədli reklamları da əhatə edir. Bundan sonra uşaqlar bu cür reklamların hədəf kütləsi ola bilməzlər.