DÜNYA

04 Aprel

Avropalılara aclıq  xəbərdarlığı

“Fərda”: Avropa aclıqdan ölməmək üçün Rusiyaya qarşı sanksiyaları ləğv etməli olacaq

4 aprel. Fins.az – İranın “Fərda” nəşri yazır ki, Rusiya qazından imtina və Avropaya taxıl tədarükünün olmaması qitə sakinlərini aclıqla təhdid edir.

Nəşrin çap etdiyi məqalədə Polşanın keçmiş baş naziri Donald Tuskun Ukraynada əkin mövsümünün pozulması və Rusiyadan taxıl tədarükü çatışmazlığı halında ölkədə çörəyin qiymətinin 4 dəfə artacağı ilə bağlı proqnozuna istinad edilir. Müəllif vurğulayıb ki, eks-məmur Polşadan danışsa da, oxşar problemlər digər Avropa ölkələrini də təhdid edir.

Qitə üçün başqa bir təhlükə yanacağın qiymətinin qalxmasıdır. Avropa İttifaqı Rusiya qazını rublla almaqdan imtina etdi və bu, qiymətlərin kəskin sıçrayışına səbəb oldu. Bu, öz növbəsində, müxtəlif malların, o cümlədən ərzaqların tədarükünə təsir edəcək enerji və avtomobil yanacağının qiymətində özünü göstərir,– deyə “Fərda” xəbərdarlıq edib.

Nəşr həmçinin yazır ki, Ukraynada əkin kampaniyası ilə yanaşı, baş verən hadisələr ərzaq məhsullarının respublika ərazisindən tranzitinə də təsir edib. Dünya buğda ixracının təxminən 30 faizi və qarğıdalının 20 faizi Rusiya və Ukraynanın payına düşür və iki ölkədən tədarükün azalması bütün dünyada ərzağın qiymətlərini artıracaq.

Digər məhsullarla yanaşı, mineral gübrələr də bahalaşıb. Bu, Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra qazın qiymətinin artması ilə bağlı baş verib. Avropalı kənd təsərrüfatı istehsalçılarının artıq qiymət artımına qarşı kütləvi etiraz aksiyaları təşkil etdiyi vurğulanır.

Polşada ilin sonunda ən ucuz yarım kiloqramlıq çörəyin qiymətinin 2,4 avroya çatacağı gözlənilir (təxminən 4,6 azn. - red.). Almaniyada isə qiymətlər 10 avroya çatmaq təhlükəsi ilə üzləşib ( təxminən 19 azn. -red.).

“Yuxarıda göstərilən bütün problemlər və onların Avropa üçün kritik əhəmiyyəti səbəbindən çox güman ki, Avropa siyasətçiləri və hökumətləri çox yaxın gələcəkdə “prinsipləri güzəştə getməli olacaqlar”, deyə materialda qeyd edilir.

Beləliklə, “Fərda” Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və ya ləğvini, eləcə də İrana qarşı məhdudiyyətlərin aradan qaldırılmasını proqnozlaşdırır.