“Rusiyanın ehtiyatlarını dondurmaqla ABŞ özü dolların hegemonluğunu məhv etmək prosesinə start verib"
29 mart. Fins.az – Birləşmiş Ştatlar Amerika iqtisadiyyatının sabitliyinin söykəndiyi dolların qlobal hegemonluğunu özü məhv etməyə başlayıb. Bu mülahizə ilə jurnalist Rafael Poç İspaniyanın “Público” nəşri üçün yazdığı məqaləsində çıxış edib.
O, Rusiya Mərkəzi Bankının Qərbdə saxladığı qızıl-valyuta ehtiyatlarının ABŞ və onun müttəfiqləri tərəfindən müsadirə edilməsini belə şərh edib.
“Bu yolla ABŞ bütün dünyaya açıq siqnal göndərir ki, vəsaitlərin təhlükəsizliyini təmin etmək lazımdır, – deyə məqalə müəllifi vurğulayır. – Bu cür tədbirləri görərkən Amerika deyir ki, əgər hər hansı ölkənin siyasəti Vaşinqtonun xoşuna gəlmirsə, yaxud bu ölkə onun rəqibləri ilə ticarət edirsə, yaxud transmilli korporasiyalara zərər vuraraq gəlirlərini əhali arasında çox yaxşı bölüşdürürsə, və ya sadəcə ABŞ-ın nəzarətində olan strukturlardan siyasi və iqtisadi cəhətdən daha müstəqil olmaq istəyirsə, o zaman istənilən ölkənin ehtiyatlarını müsadirə edə bilər”.
Məqalədə qeyd edilir ki, bu cür hərəkətlər rusları, çinliləri, BRİKS-in digər üzvlərini və ölkələri daha təhlükəsiz mexanizmlər və valyutalar axtarmağa sövq edəcək. bu, heç də uzaq perspektiv deyil, artıq başlanmış prosesdir.
Məqalə müəllifi onu da xatırladıb ki, BRİKS ölkələrindən heç biri Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. NATO üzvü olan Türkiyə, Fars körfəzi ölkələri, Qərbi və Mərkəzi Asiya ölkələri də məhdudiyyətləri dəstəkləməyiblər. Hətta Səudiyyə Ərəbistanı da öz növbəsində nefti yuana satmaq üçün Çinlə danışıqlar aparır.
Sonda məqalə müəllifi təəccüblə sual verir: "Neft ticarətində dollardan imtina ABŞ-ın müflisləşməsinə səbəb olacaqmı?"
