DÜNYA

29 Mart

Fransada yanacağın qiymətləri tarixi rekord həddə çatıb

Fransanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, ölkədə yanacağın qiymətləri keçən həftə orta hesabla 14 sent artaraq rekord həddə çatıb.

Rəsmi məlumatlara görə, son 7 gündə dizel yanacağının qiyməti orta hesabla 14 sent bahalaşaraq 1 litri 2,1165 avroya (bir həftə əvvəl -1,9755 avro/litr), SP95 markalı benzinin qiyməti isə 1 litr üçün 1,9670 avroyav(bir həftə əvvəl 1 litri 1,9334 avro olub) çatıb. Super SP95 benzini isə 2,0042 avroya qədər bahalaşıb. Bir həftə əvvəl onun qiyməti 1,9737 avro idi).

Ukraynada baş verən hadisələrə görə fevralın sonundan kəskin bahalaşmağa başlayan yanacağın qiymətləri martın 21-dən sonra ilk dəfə ucuzlaşmağa başlayıb.

Yanacağın qiyməti sürətlə qalxmağa başlayanda hökumət fransız ailələrinin büdcəsini qorumaq üçün yeni tədbir tətbiq etməyə qərar verdi. Aprelin 1-dən və dörd ay ərzində superetanol istisna olmaqla, bütün növ yanacağın litrinə 15% endirim tətbiq olunacaq.

Fransada prezident seçkilərinə bir neçə həftə qalmış Baş nazir Jean Casteks 60 litrlik yanacaq çənini dolduran fransalı sürücülərə 9 avro endirim alacaqlarını açıqlamışdı. O əlavə edib ki, subsidiya ev təsərrüfatlarına, yük maşını sürücülərinə və fermerlərə veriləcək. Endirim ödəniş edərkən tətbiq olunacaq, yəni, yanacaqdoldurma məntəqələrinin qiymət etiketlərində qeyd olunmayacaq.

 

Belə bir tədbir Fransa hökumətinə 2 milyard avrodan çox başa gələcək. Ona görə də baş nazir yanacaq şirkətlərini də istehlakçılar üçün yanacağın yüksək qiymət yükünü yüngülləşdirməyə çağırıb.

Fransa hökuməti benzinin və digər enerji növlərinin maya dəyərini azaltmaq üçün artıq 20 milyard avro xərcləyib. O cümlədən, elektrik enerjisi və qaz tariflərinin 4 faizə qədər artırılması üçün limit tətbiq edilib. Aztəminatlı ailələrə isə 100 avro dəyərində birdəfəlik enerji çeki verilib.

"Əgər dövlət litrə 15 sent, yanacaq şirkətləri isə 5 sent səy göstərsə, biz birlikdə fransızların cibində 20 sentə qənaət edəcəyik", – deyə Casteks bildirib.