Ukraynadakı münaqişə ilə əlaqədar yaxın həftələrdə və aylarda Mərakeşdə istehlak səbətinin qiymətinin artacağı ehtimal edilir.
Fins.az xəbər verir ki, Mərakeş İstehlakçıların Hüquqlarının Müdafiəsi Federasiyasının (FMDC) prezidenti Buazza Kerrati coğrafi baxımdan çox uzaqda baş verməsinə baxmayaraq, münaqişənin nəticələrinin Mərakeşdə də hiss olunduğunu bildirib. Qeyd edib ki, yanacağın qiymətinin qalxması ilə əlaqədar bütün məhsul və xidmətlər bahalaşıb. Ona görə də istehlakçıların alıcılıq qabiliyyəti aşağı düşəcək. Hökumət təcili tədbirlər görməsə, sosial narazılıq riski var.
Yanacağın bahalaşması artıq Krallığın nəqliyyat sektorunda böhran yaradıb, bu sahənin işçiləri tətil etmək qərarına gəliblər.
COVID-19 pandemiyasının yaratdığı böhranla əlaqədar onsuz da çətin iqtisadi dövr yaşayan Mərakeş indi də ölkənin kənd təsərrüfatı istehsalını təhdid edən quraqlıqla üz-üzədir. Milli Dəyirman Federasiyasının məlumatına görə, Ukraynadan idxal edilən məhsullar arasında ən əhəmiyyətlisi olan dənli bitkilər ölkənin ümumi taxıl idxalının 12 faizini təşkil edir. Mövcud ehtiyatlar ölkənin ehtiyacları üçün maksimum beş ay kifayət edə bilər.
Mərakeşlilərin böyük çörək istehlakçıları olduğu məlumdur. FMDC-nin məlumatına görə, ildə adambaşına misirlilər 300, Əlcəzairlilər 500, Tunislilər 400 çörək istehlak etdiyi halda, bu rəqəm Mərakeşdə 1250 təşkil edir.
Mərakeşdə çörəyin bahalaşmasından sonra ət və quş ətinin qiymətləri qalxıb. Mərakeşdəki quraqlıq və Ukraynadakı vəziyyətlə əlaqədar quşçuluq və heyvandarlıq təsərrüfatlarının yemlə təminatı təhlükə altındadır. Bütün bu amillər ardıcıl olaraq yumurta, süd, qatıq və emal olunmuş pendirin də bahalaşmasına səbəb olacaq.
© azertac