DÜNYA

09 Mart

BVF Ukraynaya 1,4 milyard dollar yardım ayırmaq məsələsinə baxacaq

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 1,4 milyard dollar yardım ayrılması məsələsini müzakirə edəcək.

Fins.az Interfax agentliyinə istinadla xəbər verir ki, bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva deyib.

“Bu gün bizim İcraiyyə Şurasına Ukraynada müharibənin nəticələrinin aradan qaldırılmasına dəstək üçün 1,4 milyard dollar yardım ayrılması barədə təklif göndərdik. Təklif sabah müzakirə olunacaq”, - deyə icraçı direktorun fond tərəfindən yayılan bəyanatında bildirilir.

Kristalina Georgiyeva fondun dekabr ayında Ukraynaya 700 milyon dollar ayırdığını, həmçinin bu ölkəyə 2,7 milyard dollar məbləğində xüsusi borc almaq hüququ verdiyini xatırladıb.

Hazırkı vəziyyətin dünya iqtisadiyyatı üçün şok olduğunu vurğulayan BVF-nin icraçı direktoru Ukrayna ətrafında yaranmış vəziyyətin və Rusiyaya qarşı sanksiyaların yan təsirlərə və gələcəkdə ağır nəticələrə səbəb ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu, ilk növbədə Ukrayna və Rusiyaya qonşu olan ölkələrə, eləcə də əmtəə qiymətlərinə aiddir.

“Bunlara əmtəə qiymətləri, əsasən də enerji və ərzaq qiymətləri aiddir. Biz daha çox zərər görən ölkələrin ehtiyaclarının nə ola biləcəyini ciddi şəkildə qiymətləndiririk”, - deyə Kristalina Georgiyeva əlavə edib.