DÜNYA

24 Fevral

IIF: "Qlobal borc 303 trilyon dollara çatıb"

Ötən ilin sonuna qlobal borc 2020-ci illə müqayisədə təxminən 10 trilyon ABŞ dolları və ya 3,4 % artaraq 303 trilyon ABŞ dollara çatıb.

Bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal borc monitorinqi” hesabatında bildirilib.

Sənədə əsasən, bu artımın 80 %-dən çox hissəsi inkişaf etməkdə olan bazarların borclarının artması (artıq borcun həcmi 100 trilyon ABŞ dollara çatıb) hesabına baş verib. Sektorlar üzrə ən böyük artım dövlət və qeyri-maliyyə şirkətlərinə məxsus borclarda müşahidə olunub.

İqtisadi canlanma və yüksək inflyasiya borc səviyyəsinin sabitləşməsinə kömək edib, nəticədə qlobal borcun ölkələrin ümumi ÜDM-isinə nisbəti ötən il 351 %-ə (2020-ci illə müqayisədə 9 faiz bəndi az) enib.

Qlobal borcların sektorlar üzrə bölgüsündə isə 88,8 trilyon ABŞ dollarla qeyri-maliyyə şirkətləri ilk pillədə qərarlaşıb. Onu 88,1 trilyon ABŞ dollarla dövlət borcu, 69,8 trilyon ABŞ dollarla banklar kimi maliyyə şirkətləri, 56,9 trilyon ABŞ dollarla ev təsərrüfatlarının borcu izləyib.

Ötən il inkişaf etmiş iqtisadiyyatların ümumi borcu 207,8 trilyon ABŞ dolları, Hindistan, Çin, Cənubi Afrika, Braziliya və Türkiyə kimi inkişaf etməkdə olan iqtisadiyyatların ümumi borcu isə 95,7 trilyon ABŞ dolları təşkil edib.