DÜNYA

02 Sentyabr

ABŞ Şimali Koreyaya səfər qadağasını daha bir il uzadıb

ABŞ Dövlət departamenti Amerika vətəndaşlarının KXDR-ə səfərlərinə qadağanın müddətini daha bir il uzadıb.

Qadağanın uzadılması Şimali Koreyada ABŞ vətəndaşları üçün hələ də həbs olunma riskinin mövcudluğu və bunun onların fiziki təhlükəsizliyinə birbaşa təhdid yaratması ilə izah olunur.

Dövlət departamentinin bildirişində qeyd edilir ki, bütün ABŞ pasportları KXDR-ə, yaxud KXDR üzərindən səfərlər üçün etibarsız olaraq qalır. Əgər dövlət katibi tərəfindən uzadılmasa və ya ləğv olunmasa, qadağanın uzadılması 2022-ci il avqustun 31-də başa çatır.

Qadağa ilk dəfə 2017-ci ildə, Şimali Koreya həbsxanasında saxlanılmış amerikalı tələbənin ölümündən sonra ovaxtkı dövlət katibi Reks Tillerson tərəfindən tətbiq edilmişdi. Belə ki, tələbə həbsdə olarkən xəstələnmiş, koma vəziyyətində vətəninə göndərilmiş və az sonra vəfat etmişdi.