DÜNYA

13 İyul

Fransa Google-u 500 milyon avro cərimələyib

Fransanın antiinhisar qurumu bu gün ABŞ texnologiya nəhəngi Google-u 500 milyon avro (593 milyon dollar) cərimələyib.

Fins.az xəbər verir ki, əsas səbəb kimi Google-un yerli xəbər agentliklərinin (APIG, SEPM və AFP) yaydıqları xəbərlərdən istifadə edərkən, müəllif hüquqlarını pozması və antiinhisar orqanının bununla bağlı verdiyi müvəqqəti göstərişləri yerinə yetirməməsidir. 

Avropa İttifaqında yeni qəbul edilmiş direktiv “qonşuluq hüququ” adlı prinsipi təsbit edir: onlayn xəbər kontentindən istifadə edən şirkətlər bu kontentin sahibinə müəllif hüquqlarına görə vəsait ödəməlidir. Bu vəsaitin məbləği maksimum 3 ay ərzində tərəflər arasında razılaşdırılmalıdır. Əks təqdirdə irimiqyalı cərimə riski yaranır.

Google-a da yol verilmiş pozuntuların aradan qaldırılması və xəbər agentlikləri ilə onlayn kontentə görə onlara ödənəcək vəsaitin həcmini razılaşdırmaq üçün 2 ay vaxt verilib. Əgər bu müddət ərzində göstərilən hallar həll edilməsə, Google hər günə görə əlavə 900 min avro cərimə olunacaq.