İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), çoxmillətli şirkətlərin fəaliyyətdə olduğu ölkələrdə ən azı 15% mənfəət vergisinə cəlb edilmələri mövzusunda 130 ölkənin razılaşdığını açıqlayıb.
Fins.az xəbər verir ki, OECD, aralarında ABŞ, Çin, Almaniya, Fransa, İngiltərə, Yaponiya və Türkiyənin də yer aldığı qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 90%-ni təmsil edən 130 ölkənin beynəlxalq vergi islahatı mövzusunda razılaşma təmin etdiyini bildirib.
Razılaşmaya görə, çoxmillətli şirkətlərin fəaliyyət göstərdikləri və qazanc əldə etdikləri yerlərdə vergi ödəmələri təmin ediləcək. Bu qayda, beynəlxalq vergi sisteminə qanuni qətilik və sabitlik qazandıracaq.
Çox millətli şirkətlər fəaliyyət göstərdiyi hər ölkədə ən azı 15% nisbətində mənfəət vergisinə cəlb ediləcəklər. Bu tətbiqin 150 milyard dollar vergi daxilolmalarına səbəb olacağı gözlənilir.
Razılaşmanın, xüsusilə rəqəmsal platformaların və böyük şirkətlərin müxtəlif mexanizmlər ilə vergi ödəməkdən yayınmalarına mane olacağı gözlənilir.