DÜNYA

29 İyun

Rusiya ilə Türkiyə arasında 83 milyon dollarlıq razılaşma

Rusiyalı sərmayəçilər Türkiyənin Bodrum şəhərinə 83 milyon dollarlıq investisiya yatıracaq.

Fins.az xəbər verir ki, bunu Rusiya-Türkiyə İş Şurası başçısı Əhməd Palankoyev açıqlayıb.

O bildirib ki, “Bodrum Arena” adlanacaq nəhəng idman və əyləncə kompleksinin ümumi sahəsi 75 min kvadratmetrdir: “83 milyon dollara başa gələcək kompleksinin tikintisinə 5 ay ərzində başlanacaq. Kompleks il boyu xokkey, fiqurlu konkisürmə və digər buz fənləri üzrə idman yarışlarının, kütləvi mədəni, əyləncə tədbirlərinin, elmi və kütləvi iclasların və konqreslərin, sərgilərin və təqdimatların təşkili məqsədi ilə xidmət göstərməyə hesablanıb. Kompleksdə konsertlər və açıq hava tədbirləri keçirilə biləcək”.

Əhməd Palankoyev kompleksdə 300 nəfərin işlə təmin olunacağını deyib: “Arenanı 15 aya istifadəyə verməyi planlaşdırırıq. Son vaxtlar rusiyalı turistlərin diqqətində olan Bodrumda belə bir sərmayə qoymaq həm ölkələr, həm də vətəndaşlar üçün çox vacibdir. Layihə çərçivəsində 600 yerlik bir otel kompleksi, idman zalı, idman tibb mərkəzi və olimpiya üzgüçülük hovuzu da inşa ediləcək. Layihə həyata keçirilərkən ətraf mühitə qayğı məqsədilə “yaşıl bina” standartları tətbiq ediləcək”.