DÜNYA

25 İyun

Yaponiya Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq barədə razılaşmanı ratifikasiya edib

İyunun 25-də Yaponiyanın hakimiyyət orqanları 2020-ci il noyabrın 15-də imzalanmış Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq (RCEP) barədə razılaşmanı ratifikasiya edib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, razılaşma onu imzalayan dövlətlərin yarıdan çoxu tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq barədə razılaşam Yaponiya parlamenti tərəfindən cari il aprelin 28-də bəyənilib.

Qeyd edək ki, RCEP razılaşmasını Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri və ticari–iqtisadi blokun 5 nəhəng tərəfdaşı: Yaponiya, Avstraliya, Çin, Yeni Zelandiya və Koreya Respublikası imzalayıb. Həmin razılaşma nəticəsində dünya üzrə 2,2 milyard istehlakçıya və 28 trilyon dollar həcmində ümumi daxili məhsula (ÜDM) malik azad ticarət zonası yaradılacaq. Bu, bütün dünya üzrə ÜDM-nin 32 faizdə çoxunu təşkil edir.

Mütəxəssislərin proqnozlarına görə, RCEP ölkələri üzrə ÜDM-nin ümumi həcmi 2050-ci ildə 100 trilyon dolları ötəcək.