Bakı, 10 dekabr Fins.az
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2021-ci maliyyə ili (1 oktyabrdan başlayır) üçün hərbi büdcəsinin layihəsini bəyənib. Layihə qarşıdakı ildə Pentaqona 740 milyard dollardan artıq maliyyə ayrılmasını nəzərdə tutur. Məlumatı TASS verib.
Məlumata əsasən, bu məbləğin 635,5 milyard dolları Müdafiə Nazirliyinin baza ehtiyacları, 26,6 milyardı Energetika Nazirliyinin xətti ilə milli təhlükəsizlik sahəsində proqramların icrası, 69 milyardı isə xarici ölkələrdə əməliyyatların aparılması üçün nəzərdə tutulub.
Sənədə, eyni zamanda, “Şimal axını-2” və “Türk axını” qaz kəmərlərinə qarşı sanksiyaların genişləndirilməsi, eləcə də Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı məcburi məhdudlaşdırmalar daxil edilib. Bundan əlavə, sənəddə Ukraynaya 250 milyon dollar hərbi yardım ayrılması ilə bağlı maddə də əksini tapıb.
Qeyd edək ki, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bir müddət əvvəl sənədə veto qoyacağını bəyan etmişdi. Prezidentin narazılığı ilk növbədə onunla bağlıdır ki, büdcə layihəsinə kommunikasiya sahəsində etikanı nəzərdə tutan 1996-cı ildə qəbul olunmuş 230-cu bölmənin ləğvi haqqında maddə daxil edilməyib. Bu maddə ölkənin kommunikasiya şirkətlərini istifadəçi kontentini yerləşdirmə, silmə və ya digər moderləşdirmə tədbirləri ilə bağlı məhkəmə iddialarından qoruyurdu. Bu ilin mayında Prezident Tramp ölkədə sosial şəbəkənin fəaliyyətini nizamlamaq haqqında fərman imzalamışdı. Dövlət başçısının fikrincə, fərman həmin bölmə əsasında yeni nizamlama yaratmaq məqsədi daşıyır.
Belə ki, senzura və siyasi fəaliyyətə bulaşmış sosial şəbəkələr bundan sonra məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bundan başqa, Tramp ABŞ-da vətəndaş müharibəsi dövrü (1861-1865-ci illər) xadimlərinin adlarının hərbi obyektlərdən məcburi qaydada götürülməsinə, xaricdəki qoşunların ixtisarına və s. qarşı çıxır.