Bakı, 21 noyabr Fins.az
“Belta” agentliyinin məlumatına görə, Brüsseldə Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans və enerji üzrə komissar Kadri Simson tərəfindən bərpa olunan dəniz enerji mənbələri üçün yeni Avropa strategiyası təqdim olunub.
Bildirilir ki, yeni strategiya çərçivəsində 2050-ci ildə Avropa İttifaqında 300 kilovat dəniz külək enerjisinin istifadə olunacağı gözlənilir. Məlumata görə, bunun üçün Portuqaliya dənizlərində müəyyən imkanlar var. Tədbirdə qeyd edilib ki, Avropa İttifaqının yeni strategiyası bütün Avropa sahillərinin bu enerjidən faydalanmasını təmin etməyi hədəfləyir və üzən turbinlərin tətbiqini dəstəkləyir.
Bildirilib ki, hazırda Avropada yalnız iki kiçik üzən külək stansiyası var, bunlardan biri Portuqaliyanın Vianadu-Kaştelu dəniz limanında quraşdırılıb. Onun üzərində gücü 25 MVt olan üç turbin işləyir. 2022-ci ildə gücün 300 MVt-a, 2030-cu ildə isə 7 GVt-a qədər genişləndirilməsi gözlənilir. Qeyd edilib ki, dəniz külək qurğularından 2050-ci ildə əldə olunacaq enerji Avropada bu istiqamətdə əldə edilə biləcək bütün gücün üçdəbirini təşkil edəcək.