DÜNYA

26 Oktyabr

ABŞ maliyyə qurumlarının mənfəəti kəskin artıb

Fins.az xəbər verir ki, ABŞ hökuməti tərəfindən koronavirus epidemiyasının iqtisadi fəsadlarını yumşaltmaq üçün görülən tədbirlər nəticəsində ölkənin maliyyə qurumlarının mənfəəti ilin birinci yarısında xeyli artıb.

Nyu-York ştatının nəzarətçisi Tomas DiNapoli tərəfindən açıqlanan illik hesabata görə, Uoll stritdəki maliyyə qurumlarının vergi öncəsi mənfəəti cari ilin 6 ayı ərzində 27.6 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 82% çoxdur.

Hesabatda göstərildiyi kimi cari ilin birinci yarısında bank sektorunun mənfəəti bütöv 2019-cu il ərzində əldə edilmiş 28.1 milyard dollardan çox da geri qalmır.

Nəzarətçinin fikrincə, bank sektoru və bütövlükdə maliyyə sistemi koronavirus pandemiyası ilə bağlı federal səviyyədə 2.4 trilyon dollara yaxın dəstək alıb, yaxın həftələr ərzində əlavə maliyyə dəstək tədbirləri də gözlənilir. 

“Goldman Sachs Group İnc.”, “JPMorgan Chase Co.”, “Citigroup İnc.”, “Bank of America”, “Wells Fargo Co” kimi ölkənin mühüm maliyyə qurumlarının açıqladığı göstəricilərin böyük əksəriyyəti ekspertlərin gümanlarından üstün olub. Nəzarətçinin fikrincə, maliyyə sahəsində bu cür yüksək göstəricilərin ilin ikinci yarısında da davam etməsi qəti olmasa da, bütövlükdə cari ildəki mənfəət səviyyəsi ötən ildəkindən çox olmalıdır. (investaz.az)