Rusiya vətəndaşları koronavirus pandemiyası dövründə istehlakçı vərdişlərinin beş dəyişiklik mərhələsini keçiblər.
“RİA Novosti”nin məlumatına görə, bu barədə “The Boston Consulting Group” (BCG) şirkətinin və “Romir” holdinqinin “Rusiya istehlakçıları - yeni reallıq” araşdırmasında bildirilib.
Araşdırmaya görə, birinci mərhələ yanvar-mart ayları arasında reallaşıb. Bu “fırtına öncəsi sakitlik” dövrü idi: COVID-19 - xarici problem və Rusiya isə etibarlı bir sığınacaq kimi görünürdü.
Mart-may ayları arasında davam edən ikinci mərhələ “ehtiyat bazarlıq” dövrü adlandırılıb. Bu dövrdə ölkə sakinləri çoxlu miqdarda zəruri mallar satın aldılar, ərzaq mağazaları dolmağa imkan tapmırdı, onlayn mağazalar və çatdırılma xidmətləri istehsal imkanlarını maksimum artırmağa çalışırdılar.
Bundan sonra maydan iyuna qədər davam edən “sabitləşmə” baş verdi. Bu müddətdə istehlakçılar onlayn alış-verişə öyrəşdilər, müəssisələr isə yeni şəraitə uyğunlaşdılar.
İyun-sentyabr ayları pandemiyadan sonra “bərpa dövrü” oldu. Bu üç ay müddətində qeyri-ərzaq mağazaları və restoranlar işlərini bərpa etdilər.
Beşinci mərhələ “yeni reallığa keçid – bizi qarşıda nə gözləyir” oldu. İstehlakçılar təhlükəsizlik tədbirləri barədə kifayət qədər məlumatlı olsalar da, infeksiyanın ikinci mərhələsi onları narahat edir.
“Onlar işə zəruri olmadıqda getmir və həftədə bir neçə gün distant şəkildə işləyirlər. Eyni zamanda sahibkarlar təchizat zəncirini rəqəmsallaşdırırlar”, - deyə mütəxəssislər sözlərini yekunlaşdırıblar.