Koronavirus pandemiyası səbəbi ilə hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun vaxtı ilə yanaşı məkanı da dəyişdirilib.
Fins.az xəbər verir ki, pandemiyaya görə qışda keçirilməsi məqsədəuyğun hesab edilməyən forum mayın 18-dən 21-dək İsveçrənin mərkəzi regionlarından olan Nidvalden kantonunda yerləşən Bürqenştok kurortunda keçiriləcək. “Böyük yenidən başlanğıc” devizi altında keçiriləcək forumda koronavirus pandemiyasından sonrakı dövrdə dünya iqtisadiyyatının yenidən dirçəldirlməsi strategiyaları müzakirə olunacaq. Təşkilatı komitədən bildirilib ki, həm iştirakçıların canlı görüş və ünsiyyəti, həm də videoformatda müzakirələrin nəzərdə tutulduğu forumun baş tutması üçün əsas məsələ epidemioloji və təhlükəsizlik şərtlərinin yaxın aylarda inkişafından asılı olacaqdır.
Dünya İqtisadi Forumunun təşkilatçıları bildiriblər ki, forum yalnız 2021-ci ildə Bürqenştokda keçiriləcəkdir, 2022-ci ildə isə ənənəvi olaraq Davosda baş tutmalıdır.