Avropa Birliyi smartfonlarda və digər elektronik cihazlarda böyük şirkətlərin silinməyən tətbiqlərinin məcburən quraşdırılması imkanının məhdudlaşdırılması üzrə qanunvericilik hazırlayıb. Bu qanunvericiliyin qəbul olunacağı halında o, Amazon, Apple, Google və Facebook kimi böyük şirkətlərin işlərinə təsir göstərəcək. Bununla yanaşı sözügedən qanunvericilik istifadəçi məlumatları ilə bağlı digər məhdudlaşdırıcı tədbirləri özündə birləşdirir. Bu barədə Arstechnica saytı xəbər verib.
30 bənddən ibarət bu layihənin sənədi böyük şirkətlərin öz rəqiblərinə zərər verərək servislərinin müxtəlif sayt və platformalarda məşhurlaşdırılmasını qadağan edir. Qadağan olunan öhdəliklər sırasına həmçinin mobil cihazlara silinməyən tətbiqlərin quraşdırılması və bunu digər istehsalçılardan tələb olunması da daxildir. Bununla yanaşı Avropa Birliyi təmsilçiləri platformalarda yığılan konfidensial istifadəçi məlumatlarının böyük şirkətlər tərəfindən öz kommersiya mqəsədlərində istifadəsinin də qadağan olunmasını tələb edirlər.
İstisna olaraq yalnız biznes istifadəçilərinin məlumatları ola bilər. Belə ki, onlar da bu cür prosesi yerinə yetirirlər. Avropa Birliyinin əsas məqsədi biznes sahəsində istifadə olunan məlumatların yığılaraq filtrasiyadan keçirilməsi ilə məşğul olan şirkətlərin fəaliyyətlərini məhdudlaşdırmaqdır. Bununla yanaşı sənəddə qeyd olunub ki, hansısa böyük şirkətin bazardakı üstünlüyü rəqiblərə zərər yetirərsə həmin şirkətin Avropa biznesinin satılma ehtimalı mövcud olacaq. Gözləntilərə əsasən yeni qanun layihəsinin hazır sənədi ilin sonuna kimi təqdim olunacaq.