DÜNYA

09 Sentyabr

Debatlarda kim qalib gələcək?

“USA TODAY” qəzeti və Saffolk Universiteti tərəfindən birgə aparılmış yeni ictimai rəy sorğusu nəticəsində məlum olub ki, amerikalıların əksəriyyətinin fikrincə, qarşıdakı prezident debatlarında Tramp qalib gələcək, Bayden uduzacaq.

Belə ki, sorğuda iştirak etmiş amerikalıların 47 faizinin fikrincə, həmin debatlarda Tramp qalib gələcək. Respondentlərin 41 faizi isə Demokratlar partiyasından namizəd Co Baydenin qalib gələcəyini gözləyir.

Üç mərhələdən ibarət olacaq prezident debatlarının birincisi sentyabrın 29-da keçiriləcək.

Qeyd edək ki, 2016-cı ildə Donald Tramp ilə demokratların namizədi Hillari Klinton arasında keçirilmiş birinci debatlara 84 milyon televiziya tamaşaçısı baxmışdı. Bu, prezident debatları təcrübəsində rekord göstərici olub. Seçicilərin çoxu Pyu Tədqiqat Mərkəzinə bildiriblər ki, debatlar seçicilərin kimə səs vermək barədə qərara gəlmələrinə əhəmiyyətli dərəcədə kömək edib.