DÜNYA

26 Aprel

Rəsmi London Aİ ilə münasibətlərdə keçid dövrünü uzatmaq istəmir

Bu barədə Aİ-nin “Brexit” prosesi üzrə təmsilçisi Mişel Barnö mətbuat konfransında deyib: “Britaniya hökuməti danışıqların bu raundunda bizi tranzit dövrünün uzadılması barədə istənilən təklifi rədd edəcəyi barədə məlumatlandırıb”.

Bu həftə Avropa İttifaqı və Böyük Britaniya nümayəndələri gələcək əməkdaşlıq barədə danışıqların növbəti raundunu keçiriblər.

2020-ci ilin sonlarına qədər ölkə və ittifaq münasibətlərində keçid dövrü davam edəcək. Bu dövr ərzində Böyük Britaniyada Avropa İttifaqının qaydaları qüvvədə qalacaq, lakin London qurumda qərarların qəbulu prosesində iştirak etməyəcək. Böyük Britaniya, həmçinin keçid dövrü ərzində Avropa İttifaqının ümumi büdcəsinə ödənişlər edəcək.

Keçid dövrü bitdikdən sonra ittifaqın qaydaları Böyük Britaniyada işləməyəcək. Hazırda London və Brüssel arasında müxtəlif sahələrdə çətinliklərin yaranmaması üçün gələcək əməkdaşlıq şərtləri barədə danışıqlar gedir. Saziş əldə olunmasa, onların münasibətlərində yeni mərhələyə keçid “sərt” ola bilər.