DÜNYA

26 Aprel

Qətərdə iqtisadiyyatı tənəzzüldən qorumaq üçün tədbirlər görülür

Qətər Əmiri Təmim bin Həməd Al Tani hökumətə son vaxtlar ölkədə elektrik enerjisi qiymətlərində qalxıb-enmələr fonunda iqtisadiyyatı dəstəkləmək üçün ciddi addımlar atmağı tapşırıb. Bu barədə Dohadakı rəsmi mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd etmək lazımdır ki, zəngin təbii qaz ehtiyatlarına sahib ölkələrdən biri olan Qətər dövlətində Yer kürəsinin hər yerində olduğu kimi, yeni koronavirus təhlükəsi ilə bağlı karantin tədbirləri həyata keçirilir. Dünyada neftə, təbii qaza olan tələbatın kəskin azalması isə, təbii ki, Qətərin iqtisadiyyatına mənfi təsir göstərir.

Qətər Əmiri dünən televiziya ilə xalqa müraciət etmiş, pandemiyaya qarşı mübarizədə görülən hərtərəfli işlərdən danışmışdır. Dövlət başçısı bildirmişdir ki, COVİD-19 ilə mübarizə üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılmışdır. Hazırda özəl sektora böyük həcmdə maliyyə yardımı göstərilir.

Qətər Əmiri əhalini müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib və insanları bu əziz günlərdə sosial izolyasiya tələblərinə əməl etməyə çağırıb və bir-birlərinə qarşı diqqətli və mərhəmətli olmağa səsləyib. Yeri gəlmişkən, dünən Türkiyə Prezidenti R.T.Ərdoğan Qətərin dövlət başçısı ilə telefonla danışıb. Liderlər pandemiya ilə mübarizədə ikitərəfli və qlobal səviyyədə səylərin artırılmasının vacib olduğunu qeyd ediblər.

Sonda bildirək ki, Qətər ilə Türkiyə strateji tərəfdaş dövlətlərdir. Son illər iki ölkə arasında siyasi, iqtisadi, hərbi əlaqələr xeyli güclənmişdir.