“Böyük iyirmilik” (G-20) ölkələrinin energetika nazirləri dünyada yayılmış pandemiya fonunda energetika bazarında sabitliyi təmin etməklə bağlı öhdəlik götürüblər. Bu barədə G-20-nin energetika üzrə növbədənkənar iclasının yekunu ilə bağlı bəyannamədə bildirilir.
İclas iştirakçıları qeyd ediblər ki, koronavirus pandemiyası ilə əlaqədar dünyada baş verən iqtisadi geriləmə və proqnozlaşdırmada qeyri-müəyyənlik neftqaz sektoruna birbaşa təsir edərək və digər sahələrə də yayılaraq, enerjidaşıyıcıları sahəsində tələb və təklif arasında disbalansı dərinləşdirib, enerji bazarında qeyri-sabitliyi gücləndirib. Bu, qlobal iqtisadiyyatın bərpasına daha çox mane olmaqdadır. Sənəddə deyilir: “Bu problemləri həll etmək, energetika bazarında sabitlik yaratmaq üçün biz bütün təcili tədbirləri görməyi öhdəmizə götürürük. Bir sıra istehsalçıların enerji bazarında sabitlik yaratmaq səylərini təsdiq edirik. Enerji sisteminin dayanıqlığının təmin edilməsində beynəlxalq əməkdaşlığın vacibliyini təsdiq edirik”. Bundan əlavə, G-20 ölkələri enerji bazarında vəziyyətə nəzarət etmək üçün monitorinq qrupu yaratmaq barədə razılığa gəliblər. Qrup “Böyük iyirmilik” ölkələrinin bütün energetika nazirləri üçün açıqdır. Sədr isə Səudiyyə Ərəbistanı olacaq. G-20 ölkələrində enerji bazarının vəziyyəti ilə bağlı növbəti görüşün sentyabrda, əlavə ehtiyac yaranarsa, daha tez keçirilməsi barədə də razılıq əldə olunub. Xatırladaq ki, OPEK+ neft hasilatının ixtisarı ilə bağlı yeni razılaşma əldə edib. Razılaşma 2022-ci il mayın 1-nə qədər qüvvədə olacaq. Bu ilin may-iyun aylarında ixtisar 10 milyon, ikinci yarımildə 8 milyon, 2021-ci ildə isə 6 milyon barel təşkil edəcək. Razılaşmada 23 ölkə, o cümlədən 10 OPEK üzvü iştirak edib. (RİA “Novosti”)