DÜNYA

10 Aprel

Google əməkdaşlarına iş yerində Zoom-dan istifadəni qadağan etdi

Google korporasiyası özünün əməkdaşlarına Zoom video xidmətindən istifadəni qadağan edib. Və iş kompüterlərində proqrama girişi bloklayıb.

Fins.az-ın məlumatına görə, bu haqda Business Insider nəşri yazıb.

Şirkət belə bir qərarı xidmətin təhlükəsizliyi ilə bağlı problemlərindən dolayı aldığını deyib. Google öz əməkdaşlarına məktub yollayıb, məktubda xəbərdarlıq edilirdi ki, onların kompüterində Zoom proqramından istifadə bloklanıb.

Şirkətin sözçüsü deyib ki, əməkdaşlar Google ekosisteminə daxil olmayan üçüncü növ tətbiqlərdən istifadə etməməlidirlər. Bildirilib ki, şirkətin populyar Zoom tətbiqi ilə rəqabət aparan video zənglər üşün nəzərdə tutulmuş Meet proqramı var. Şirkətin sözçüsü deyib ki, ailə və dostları ilə əlaqə saxlamaq istəyən əməkdaşlar Zoom proqramından istifadəni veb brauzer və ya mobil telefon üzərindən davam etdirə bilərlər.

Qeyd edək ki, daha əvvəl deyilirdi ki, hakerlər video konfranslara qulaq asmışdı, kompüter idarəçiliyinə giriş əldə etmişdi, eyni zamanda qorunan gizli məlumatlara baxmışdı. Səhmdarlar şirkətə qarşı dava açdılar. Zoom xidmətin işində zəifliyi gizlətməkdə və məlumatları Facebook kimi üçüncü tərəf tətbiqlərə ötürməkdə ittiham edilirdi.

Yaxın vaxtlarda isə şirkət təhlükəsizliyi artırmaq üçün Facebook-un təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Aleks Stamos-u işə almışdı. O, şirkətdə konfidensiallığı artırmaq üçün konsultant xidmətləri verməyə başlamışdı.

Qeyd edək ki, 2020-ci ilin martından başlayaraq işçilərin məsafəli çalışma sisteminə keçməsi Zoom kimi proqramlara tələbatı kəskin artırıb.

@facemark.az