ABŞ istehsalçıları neft hasilatını azaldıb.
Xarici KİV-lər xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, ABŞ-ın neft istehsalçılarının hasilatı onsuz da azaltdıqlarını və Səudiyyə Ərəbistanı ilə Rusiyanın “OPEC+” ölkələrinin iclasında istehsalı azaltmadıqları təqdirdə bir çox seçimin gündəmdə olduğunu söyləyib.
ABŞ-ın koordinasiyalı istehsal azaldılması məsələsini nəzərdən keçirib-keçirmədiyi sualına isə D.Tramp belə cavab verib: “Bax, biz artıq azaltmışıq. Düşünürəm ki, bunu düzəldəcəklər. Son bir həftə ərzində çox irəliləyiş əldə edilib və OPEC-in iclasından nələrin çıxacağını görmək maraqlı olacaq”.
Qeyd edək ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 600 min barrel azalaraq sutkada orta hesabla 12,4 milyon barrel olub. Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 11,8 milyon barrel təşkil edəcək.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.