Donald Tramp: Çin ABŞ iqtisadiyyatına milyardlarla dollar xərcləyəcək
ABŞ Çinlə gələcək münasibətlərini Pekinin Vaşinqtonla imzaladığı ikitərəfli ticarət sazişinin birinci mərhələsinə necə əməl etməsindən asılı olaraq quracaq. Bu barədə Prezident Donald Tramp bəyan edib. (Məlumatı TASS verib)
ABŞ Prezidenti deyib: “Ümid edirəm ki, onlar bu ticarət sövdələşməsinə əməl edəcəklər. Əgər əməl etməsələr, o zaman mən sizə başqa cavab verəcəyəm. Onlar bizm kənd təsərrüfatına, bir çox başqa sahələrə milyardlarla dollar ayıracaqlar. Ancaq əvvəllər Çin bizim ölkəyə pul xərcləməyib, biz xərcləmişik, bizim Çinlə ticarətdə illərlə 400-500 milyard dollara çatan kəsirimiz olub. Dünyada ticarət üzrə ən böyük kəsir bizdə olub. İndi isə Çin bizim ölkəyə milyardlarla dollar xərcləməyə razılaşıb, bu pulun böyük hissəsi fermerlərə və sənayeyə gedəcək”.
Tramp bildirib ki, bir neçə aydan sonra bəzi məsələlərə aydınlıq gətirəcək: “Onların hansı addımları atacağını görmək istəyirəm. İndi Çinin bizə kömək etmək vaxtı çatıb. Ümid etmək istəyirəm ki, onlar belə də edəcəklər. Görək ticarət razılaşmasına əməl edəcəklər, yoxsa yox. Düşünürəm ki, əməl edəcəklər”.
ABŞ dövlət başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpini yaxşı tanıdığını, ona hörmət bəslədiyini deyib. Onun sözlərinə görə, Çin liderinin əldə olunmuş razılaşmalara əməl edəcəyinə inanır.
Bundan əlavə, Tramp etiraf edib ki, Çinin yeni ticarət sazişi çərçivəsində ABŞ-dan kənd təsərrüfatı malları alması ilə bağlı arayışlarla tanış olub və nəticələrdən razı qalıb: “Ancaq Çin bu sahədə daha fəal hərəkət edə bilərdi”, – deyə ABŞ Prezidenti bildirib.