Belarusla Avropa İttifaqı (Aİ) vizaların sadələşdirilməsi və bir-birinin ərazisində icazəsiz olan şəxslərin readmissiyası haqqında saziş imzalayıblar.
İmzalanma mərasimi Brüsseldə keçirilib.
Sazişi Belarusun Xarici İşlər naziri Vladimir Makey, Xorvatiyanın Daxili İşlər naziri Davor Bojinoviç və Avropanın Daxili İşlər komissarı İlva Yohansson imzalayıblar.
Saziş vətəndaşların geniş kateqoriyası üçün viza prosedurlarının qarşılıqlı surətdə sadələşdirilməsini nəzərdə tutur, habelə vətəndaşların viza almaq üçün həm Avropa ölkələrinin səfirliklərinə, həm də viza mərkəzlərinə müraciət etmək hüququnu təmin edir.
Belarus vətəndaşları üçün Şengen vizasının qiyməti azaldılaraq 60 avrodan 35 avroya endirilib. Viza verilməsi barədə qərar 10 gün ərzində qəbul ediləcək.
Aİ vətəndaşları üçün Belarus vizasının qiyməti 35 avro ucuzlaşıb. Qeyri-kommersiya məqsədi ilə pulsuz vizaların verilməsi üçün əsasların siyahısı genişləndirilib. Əcnəbilərin Belarus ərazisində olması müddəti artırılaraq ildə 90 gündən 180 günə çatdırılıb.
© Azərtac