Tokio Dairə Məhkəməsi ev dustağı olmuş və ölkədən qaçmış “Renault-Nissan-Mitsubishi” avtomobil istehsalı şirkətinin keçmiş rəhbəri Karlos Qonun girovunun müsadirə olunması barədə qərar qəbul edib.
Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.
Qeyd edilir ki, girovun məbləği 1,5 milyard ien (13,8 milyon dollardan çox) təşkil edir
Fransa, Braziliya və Livan vətəndaşlığına malik Karlos Qon ötən ilin 19 noyabrında Tokio Prokurorluğu tərəfindən həbs olunub.
İstintaqın qənaətinə görə, Karlos Qon “Nissan”ın Direktorlar Şurasının sədri kimi 2010-cu ildən 2018-ci ilə qədər 9 milyard ien (80 milyon dollardan çox) məbləğində mükafatını rəsmiləşdirməyib. Ona qarşı həmçinin başqa ittihamlar da irəli sürülüb.
Qon ötən ilin aprelində həbsxanadan azad olunub və girov müqabilində ev dustaqlığına göndərilib. O, sonradan Türkiyə vasitəsilə Livana qaçıb. Bu səbəbdən Türkiyədə məhkəmə 5 nəfərin həbsi ilə bağlı hökm çıxarıb.
Yaponiya bildirib ki, iş adamının ekstradisiya edilməsi istiqamətində bir sıra addımlar atacaq.