Suriya hökuməti amerikalıların ölkənin şərq bölgələrindəki neft yataqlarından qanunsuz yolla gəlir əldə etdiklərini bildirir.
Suriya prezidenti Bəşər Əsədin (Bashar Asad) müşaviri Butaina Şaaban (Bouthaina Shaaban) “Al Mayadeen” telekanalına müsahibəsində deyib ki, Dəməşq ABŞ-a qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırma variantını nəzərdən keçirir. Onun sözlərinə görə, amerikalılar “Suriya neftini oğurlayırlar”.
Şaaban həmçinin Amerikanın Suriya rəsmiləri ilə iqtisadi əlaqələri qadağan edən yeni sanksiyalarını tənqid edib. Onun sözlərinə görə, Vaşinqtonun ittihamları uydurma dəlillərə əsaslanır. Müşavir Suriyanın davamlı təzyiq altında yaşamağa öyrəşdiyini qeyd edib. O, son həftələrdə milli valyutanın ucuzlaşmasını maliyyə bazarındakı spekulyasiyalarla izah edib.
Dəməşq dəfələrlə ABŞ-ı amerikalı hərbçilərin yerləşdiyi Deyr-əz-Zor vilayətində hasil edilən neftin qanunsuz yolla mənimsəməkdə ittiham edib. Buna cavab olaraq Vaşinqton neftdən əldə edilən gəlirin Suriya kürdlərinə ayrıldığını iddia edir. Noyabrın əvvəlində ABŞ Prezidenti Donald Tramp (Donald Trump) Vaşinqtonun əsas hədəfinin Suriya neftinə nəzarət olduğunu açıqlayıb. O, yataqların yenidən beynəlxalq terrorçuların gəlir mənbəyinə çevrilməməsi üçün ABŞ-ın əlindən gələn hər şeyi edəcəyini vurğulayıb. Dekabrın ortalarında amerikalıların neft yataqlarının olduğu şimal-şərqdə yerləşən Hasaka əyalətindəki bazalara qayıtdıqları məlum olub. Ümumilikdə ABŞ hərbi qüvvələri Hasaka, Raqqa və Deyr-əz-Zorda 11 baza və blokposta nəzarət edir.