DÜNYA

28 Dekabr

İmpicment prezidentləri: Kimin cinayəti daha ciddi olub ?

İmpiçment obyektinə çevrilən son sələfləri ilə müqayisədə hazırkı Amerika prezidenti daha ciddi cinayətə yol verib. Bu məsələni “Le Monde” nəşrinin siyasi icmalçısı Alen Fraşon (Alain Frachon) təhlil edir.

“Vaşinqton, 1974-cü il. Təqiblərə məruz qalan Riçard Nikson (Richard Nixon) Ağ Evdəki son günlərini yorğun və emosional cəhətdən tükənmiş bir vəziyyətdə keçirib. Vaşinqtonda hamı əmin idi ki, Amerikanın 37-ci prezidentinə qarşı başladılmış impiçment proseduru uğurlu olacaq”, - məqalədə deyilir.

(...) Nikson belə bir təhqirə dözmək yerinə avqustun 9-u istefa vermək qərarına gəldi. Lakin ona qarşı aparılan impiçment proseduru bu gün “nümunə”, etalon hesab edilir. Konstitusiyanı tərtib edən şəxslərin nəzərdə tutduğu həmin impiçment dövrümüzdə 45-ci prezident Donald Trampın impiçment prosedurundan çox uzaqdır.

(...) 1968-ci ildə birinci səlahiyyət müddətinə seçilən Nikson 1972-ci ildə də asanlıqla qələbə qazanıb. Onun qalib gələcəyi əvvəldən bəlli olub. Ancaq pessimist, şübhəli, hiyləgər və bir qədər paranoidal xüsusiyyətlərə malik olan Nikson əmin idi ki, “elitalar” tərəfindən təqib olunur. Rəqib haqqında informasiya heç vaxt çox olmur: prezident kampaniyası zamanı Ağ Ev Demokratlar Partiyasının Vaşinqtondakı məşhur “Uotergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək qərarına gəlir. Tragikomediya: beş nəfər mikrofonları quraşdıran zaman ələ keçirilir.

(...) Məqalə müəllifi həmin dövrdə media-landşaftın günümüzdəki mənzərədən fərqləndiyini yazır: “Onda həqiqət və yalan arasındakı incə sərhədi yox edə bilən internet və sosial şəbəkələr, “CNN”, bütün növ uydurma xəbərlər üzrə ixtisaslaşan ultrasağçı “Fox News” kanalı fəaliyyət göstərmirdi. Həmin vaxt fakt fakt hesab edilirdi və Nikson bu fakta etiraz etmirdi – hərçənd o, jurnalistlərə nifrət edirdi. Siyasi həyat hələ qəbilə xarakteri daşımırdı. Vicdanlarına tabe olan respublikaçılar demokratlarla birgə və ya əksinə səs verə bilərdilər. Siyasət əsasən ikipartiyalı ideyalar vasitəsilə həyata keçirilirdi. Nikson istefa verdi, çünki bilirdi ki, Senatdakı respublikaçıların çoxu onun impiçmentsinə səs verəcəklər”.

Respublikaçıların fundamental partiyaya çevrilməsi 1990-cı ildə baş verib. Bebi-bum nəslinin nümayəndəsi Bill Klinton (Bill Clinton) hələ Arkanzas ştatının qubernatoru postunda özünün qeyri-ciddi, şəffaflıqdan uzaq davranışı ilə ideal hədəfə çevrilib. Yeni sağçı respublikaçıların bütün qəlbləri ilə nifrət etdikləri bütün xüsusiyyətlər – 1960-cı illərdən miras qalmış fərdiyyətçilik və sosial liberalizm - 42-ci prezidentdə öz əksini tapmışdı. Klintonun daşınmaz əmlak sahəsindəki keçmiş avatüralarını araşdırmaq üçün təyin edilən xüsusi prokuror Kennet Starr (Ken Starr) Monika Levinskinin (Monica Lewinsky) işi üzrə ittihamçı seçilmişdi. Belə ki, Ağ Evdə staj keçən 21 yaşlı Levinskinin prezidentlə eşq münasibəti olduğu deyilirdi”.

(...) Nikson və Klintona irəli sürülən ittihamlarla müqayisədə Tramp daha ciddi əməllərə yol verib. O, ölkənin strateji maraqlarını heçə sayaraq, 2020-ci il prezident seçkilərində potensial siyasi rəqibini zəiflətmək məqsədilə xarici ölkəni – dost Ukraynanı manipulyasiya etməyə çalışıb. Tramp daim yalan danışır, dövlət və şəxsi işlərini bir-birindən ayırmır, rəqiblərini təhqir edir, səlahiyyətlərindən sui-istifadə edir. Bununla da Amerika demokratiyasını zəiflədir. Amma prezidentin qəzəbli tvitləri ilə bəslənən seçiciləri ona sadiq qalırlar. Bu da Senatda respublikaçı çoxluğu utandırır, onlar impiçmenti rədd edərək onu neytrallaşdırmağa çalışırlar.

Jurnalist Alen Fraşon yazır ki, onlar faktlara deyil, Trampa səs verəcəklər: “Bu zaman prezidentin davranışının əhəmiyyətini kiçiltməyə çalışırlar. Onların prioritetində hakimiyyətdən sui-istifadə reallığı deyil, respublikaçı qəbiləyə üzvlük dayanır. Demokratlar rəqib deyil, düşmən qəbilədir. Bu cür qütbləşmə Amerika qurumlarının və demokratiyanın fəaliyyətinə mənfi təsir göstərir”.