Əvvəlki dövrlərdə futuristlər, elm adamları və dövlət qurumları 2020-ci illə bağlı proqnozlar səsləndiriblər. Həmin proqnozlardan hansıları həyata keçib, bəs hansılar reallaşmayıb? “USA Today” nəşri bütün bunlara aydınlıq gətirib.
1. Proqnoz: 2019-cu ilədək insanlar 100 ildən çox yaşayacaq. (Futurist:Rey Kurstveyl/ Raymond Kurzweil, 1999-cu il)
Reallıq: Həyata keçməyib. Kurtsveyl sağlamlıqla əlaqədar cihazların (məsələn, fitnes qolbaqlar, smartfonlara yüklənən “BioScarves” və “EKG” tətbiqləri) meydana çıxması barədə dəqiq proqnoz versə də, insan ömrü ilə bağlı gözləntilərini çox şişirdib. BMT-nin məlumatına əsasən, 2019-cu ildə insanın orta yaşı 72,6 il təşkil edib. 2050-ci ilədək bu rəqəmin 77,1 ilə çatacağı gözlənilir.
2.P: Kompyuterlərin çoxu gözəgörünməz olacaq. Onlar hər yerə - divarlara, stollara, stullara, bəzək əşyalarına və bədənə quraşdırılacaq. (Kurtsveyl)
R: Doğrudur. Dövrümüzdə kompyuterləri istənilən yerə quraşdırmaq olar.
3. P: Kağız kitablar və sənədlərdən nadir halda istifadə ediləcək, onlara nadir halda müraciət ediləcək (Kurtsveyl).
R: Bu, həqiqəti əks etdirmir. Amerika Nəşriyyatlar Birliyinin illik hesabatına əsasən, ABŞ-da kitab nəşriyyatının xalis gəliri 2014-cü ildən zəifləməyə başlayıb. Lakin ötən il bu sahə 675 milyon çap edilmiş kitab buraxıb və təxminən 26 milyard dollar gəlir əldə edib.
4. P: Hər addımınız izləniləcək (Kurtsveyl).
R: İnsanların çoxu bunun belə olduğunu düşünür. Televizor, smartfon, veb-brauzer istifadəçilərin rəqəmsal izini izləyir.
5. P: Dünya əhalisi 2,5 milyard nəfərədək artacaq, 2020-ci ildə isə bu rəqəm 8 milyarda çatacaq (Beynəlxalq Sənaye Siyasəti Elmi Araşdırma İnstitutu, 1994-cü il).
R: Reallığa yaxın proqnozdur. Lakin tam reallığı əks etdirmir: BMT-nin iyun hesabatına əsasən, dünya əhalisinin sayı 7,7 milyard nəfərdir.
6. P: Çin dünyanın ən böyük iqtisadiyyatına çevriləcək (futuristlər Piter Şvarts/Peter Schwartz və Piter Leyden/Peter Leyden)
R: Həqiqətə yaxındır. 2019-cu ildə Çin ABŞ-dan geri qalsa da, nominal ÜDM göstəricisinə görə dünyanın ikinci iqtisadi gücünə çevrilib.
7. P: Pilotsuz avtomobillərimiz olacaq (Kurtsveyl).
R: Hardasa, həqiqəti əks etdirir. Onlarla şirkət hələ də pilotsuz avtomobillər üzərində sınaqlar keçirir.
8. P: 70 yaşda pensiyaya çıxmaq normal hal hesab ediləcək (Hemiş Makrey/ Hamish McRae).
R: Bu proqnoz reallaşmayıb. 2016-cı ildə ABŞ-da kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63 təyin edilib.
9. P: Amerikalılar evlərindən çıxmadan elektron vasitələrin köməyi ilə səs verəcəklər (Şvarts və Leyden).
R: Hələlik belə deyil. Qanunvericilər Amerika seçkilərinə xarici qüvvələrin müdaxilə edəcəyindən ehtiyatlandıqları üçün gələn il prezident seçkilərində telefonların köməyi ilə səsverməyə icazə verməyəcəklər.
10. P: Çin demokratiya yolunu seçəcək (Şvarts və Leyden).
R: Belə deyil. Çin bu il insan hüquqları sahəsində yol verdiyi pozuntularla öz üzərinə diqqət çəkib. Belə ki, Honkonqda etiraçıların hüquqları pozulub və Sincan muxtar vilayətində islah düşərgələrinə salınan, kütləvi şəkildə həbs edilən 1 milyona yaxın uyğura qarşı repressiyalar həyata keçirilir.
Əvvəlki dövrlərdə futuristlər, elm adamları və dövlət qurumları 2020-ci illə bağlı proqnozlar səsləndiriblər. Həmin proqnozlardan hansıları həyata keçib, bəs hansılar reallaşmayıb? “USA Today” nəşri bütün bunlara aydınlıq gətirib.
1. P: Şəbəkəyə qoşularaq istər evdən, istər ofisdən bütün cihazları sinxronlaşdıran və məlumat mübadiləsi həyata keçirməyə imkan verən fərdi cihazlar meydana çıxacaq (Bill Geyts/Bill Gates, 199-cu il)
R: Geyts həqiqətdən uzaq olmayıb: “Siri”, “Google Assistant”, “Amazon Alexa” və bir çox başqa intellektual texnologiyalar indi başqa cihazlarla məlumat mübadiləsini asanlaşdırır və əmrlərə cavab verir.
2. P: Avtomobillər əlavə yanacaq yükləmədən aylarla hərəkət edə biləcəklər. Şvarts və Leydenin sözlərinə görə, 2020-ci ilədək bütün yeni avtomobillərin demək olar hamısı hibrid texnologiya əsasında işləyəcək və əsasən hidrogen enerjisindən istifadə edəcəkdi.
R: Hələlik belə deyil. “Toyota” və “Honda” şirkətləri hidrogen mühərriklə işləyən avtomobil bazarında lider mövqe tutsalar da, elektromobil istehsal edən rəqiblərlə çətin mübarizə aparmalı olurlar.
3. P: Dünyanın əsas xəstəlikləri ürək xəstəlikləri və depressiya olacaq (Harvard İctimai Sağlamlıq Məktəbi və Ümumdünya Səhiyyə Təşkilatı, 1996).
R: Bu proqnoz həqiqətə yaxındır: Müvafiq məlumatların yayımlandığı ən son il – 2017-ci ildə ürəyin işemik xəstəlikləri ikinci ən mühüm xəstəliyə çevrilib, ancaq siyahıda depressiya olmayıb.
4. P: Qlobal temperatur səthdə təxminən 2 dərəcə və ya istixana qazlarının tullantılarından asılı olaraq 1-3,5 dərəcə artacaq (Hökumətlərarası Ekspertlər Qrupu, 1995-ci il)
R: Hər şey plana uyğun şəkildə irəliləyir.
5. P: İnsanlar Marsa ayaq açacaq (Milli Araşdırmalar Şurası nəzdində Kosmik Tədqiqatlar Komissiyası, 1996-cı il)
R: Hələlik belə deyil.
6. P: 2020-ci ildə Boris Conson (Boris Johnson) Birləşmiş Krallığın Nazirlər Kabinetinin üzvü olacaq (“The Independent” qəzeti, 1997-ci il). Həmin vaxt redaktor və icmalçı kimi tanınan 32 yaşlı Conson heç bir dövlət vəzifəsi tutmurdu.
R: Bu proqnoz reallığa çox yaxındır: Conson cari ilin iyul ayında baş nazir seçilib.
7. P: Qravitasiya əleyhinə qütblər müharibələri kökündən dəyişəcək (Riyaziyyatçı alim Co Brennan/Joseph Brennan, 1968-ci il).
R: Reallaşmayıb.
8. P: Nüvə enerjisi təbii qazı əvəzləyəcək (Stenford Universitetinin professoru Çarls Skarlott/ Charles Scarlott, 1968-ci il).
R: Belə deyil: ABŞ Enerji İnformasiya İdarəsinin məlumatına əsasən, ötən il ölkədə istehsal edilən ümumi enerjinin 79%-i neft, təbii qaz və kömürün payına düşüb.
9. P: Amerikalılar həftədə 26 saat işləyəcəklər (Fizik German Kan/ Herman Kahn və futurist Entoni Veyner/ Anthony Wiener, 1968-ci il).
R: 1968-ci illə müqayisədə amerikalılar daha az işləsə də, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, orta statistik ABŞ vətəndaşı ötən il ildə təxminən 1800 saat – həftədə 35 saat işləyib.
10.P: Millətçilik zəifləyəcək (Massaçusets Texnologiya İnstitutunun politologiya professoru İtiel de Sola Pul/ Ithiel de Sola Pool, 1968-ci il).
R: Əksi baş verib. Alimlərin sözlərinə görə, imiqrasiya, qloballaşma və siyasi isteblişmentə neqativ reaksiya fonunda populist millətçilik “Brexit”-ə, Donald Trampın (Donald Trump) prezident seçilməsinə və Fransa, Avstriya, İtaliya, Macarıstan, Polşada sağçı qüvvələrin yüksəlişinə səbəb olub.