DÜNYA

19 Dekabr

İmpiçmentə məruz qalan prezidentlər - SİYAHI

ABŞ Nümayəndələr Palatası vəzifə səlahiyyətlərindən sui-istifadə və istintaqa mane olma səbəbi ilə Prezident Donald Trampa qarşı impiçment elan edib.

Səslər partiya mənsubiyyəti üzrə bölünüb. Respublikaçılar Donald Trampa qarşı irəli sürülən ittihamların əleyhinə səs versələr də, qərar parlamentin aşağı palatasında səs çoxluğuna malik olan demokratların üstünlüyü ilə nəticələnib.

Donald Tramp impiçment haqda Miçiqan ştatında seçiciləri ilə keçirilən görüş zamanı xəbər tutub.

İndi impiçment haqda səsvermə ABŞ Konqresinin yuxarı palatası – Senata göndəriləcək. Donald Tramp əmindir ki, Senatda üstünlük təşkil edən respublikaçılar ona bəraət qazandıracaqlar.

Xatırladaq ki, Donald Tramp impiçment elan olunan yeganə siyasətçi deyil.

Lusio Qutierrez – 2003-2005-ci il aralığında Ekvadora rəhbərlik edib. 2005-ci ildə Lusio Qutierrezin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. 20 aprel 2005-ci il Milli Konqres onu hakimiyyətdən uzaqlaşdıraraq səlahiyyətlərinin icrasını vitse-prezident Alfredo Palasio Qonsalesə verib.

Rolandas Paksas - 2003-2004-cu illər aralığında Litvanın Prezidenti olub. 30 oktyabr 2003-cü il Litva Dövlət Təhlükəsizlik Departamenti ölkə Seyminə təqdim etdiyi sənədlərdə Rolandas Paksas və onun ətrafını beynəlxalq cinayətkar şəbəkə ilə əlaqədə olduğunu iddia edib.

31 mart 2004-cü il Litva Konstitusiya Məhkəməsi R.Paskasın ölkə konstitusiyasını pozduğu haqda qərar çıxarıb. Altı aprel 2004-cü il parlament ölkə Konstitusiyası və Prezident andını pozduğunu əsas gətirərək R.Paskasın səlahiyyətlərini əlindən alır. Lakin həmin ilin 25 oktyabrında Vilnüs Regional Məhkəməsi Rolandas Paksasın hərəkətlərində cinayət tərkibi tapmadığını elan edərək, ona bəraət verib.

Fernando Luqo – paraqvaylı siyasətçi və kilsə xadimi. 2008-2012-ci illər aralığında Paraqvayın Prezidenti olub. Torpaqsız kəndlilərin polislə qarşıdurmasından sonra Paraqvay Senatının qərarı ilə 22 iyun 2012-ci il səlahiyyətlərini vaxtından əvvəl təhvil verməli olub.

Dilma Rusef  2011-2016-cı illərdə Braziliyaya rəhbərlik edib. 2015-ci ilin sentyabr ayında seçki kompaniyası dövründə maliyyə fırıldaqçılığı və vergi qanunvericiliyini pozduğuna görə müxalifət partiyalarının tələbi ilə D.Rusefə qarşı impiçment proseduru tətbiq edilib. 31 avqust 2016-cı il Braziliya Senatının qərarı ilə tutduğu prezident postundan uzaqlaşdırılıb.

Cənubi Koreya Prezidenti Pak Kın Xenin impiçmenti korrupsiya iddiaları və məxfi sənədlərin yayılması ilə əlaqədar olub. Doqquz dekabr 2016-cı il parlamentin böyük əksəriyyəti prezident səlahiyyətərinin xitam verilməsinə səs verib. Koreya Konstitusiya Məhkəməsi 10 mart 2017-ci il parlamentin irəli sürdüyü impiçiment qərarında hüquqi əsaslar taparaq Pak Kın Xeni vəzifəsindən kənarlaşdırıb.

© Oxu.az