DÜNYA

18 Dekabr

Ankara üçün Aralıq dənizində ən vacib məsələ nədir?

Başqa ölkələr tərəfindən maneələrə baxmayaraq, Türkiyə Aralıq dənizində təbii qaz və neft kəşfiyyatını davam etdirir. Ekspert Abdulla Ağar isə Aralıq dənizində əsas məsələnin qaz hidratları olduğunu hesab edir. Bu barədə “Yeni Akit” nəşri məlumat verir.

Türkiyəyə məxsus qazma gəmiləri Aralıq dənizində axtarış işlərini davam etdirir. Bu zaman Türkiyə Liviya ilə mühüm saziş imzalayıb. Bu sənədlə regionda geoloji kəşfiyyatı nəzarətə götürən Türkiyə Yunanıstan başda olmaqla Avropa ölkələrinin qəzəbinə səbəb olub.

Strateji məsələlər üzrə mütəxəssis Abdulla Ağar bugünkü tvitində problemin başqa aspektinə diqqət çəkib. Məlumdur ki, Türkiyə təbii qaz və neft axtarır. Sən demə, əsas məsələ Aralıq dənizindəki qaz hidratlarıdır.

Ağar belə bir məlumat paylaşıb: “Məsələ təkcə Şərqi Aralıq dənizinin ehtimal edilən 3,5 trilyon kub metrlik təbii qaz və 2 milyard barellik neft ehtiyatında deyil. Bu ehtiyatlar belə trilyonlarla dollar məbləğində qiymətləndirilir. Şərqi Aralıq dənizində əsas məsələ qaz hidratlarıdır. Qaz hidratının 1 vahidi təbii qazın 30 vahidinə bərabərdir. İndi pul mübarizəsinin miqyasını özünüz təsəvvür edib. Dənizdə qaz hidratı quruda şist qazı kimi bir şeydir”.

Qaz hidratları əsasən dənizin dibində, müəyyən quru sahələrdə meydana çıxan su molekullarının strukturuna həbs olunmuş metan, etan və propan kimi yüngül təbii qazlardan ibarət kristallik quruluşa malik bərk maddədir.

Qaz hidratları XVII əsrin ilk yarısında laboratoriya şəraitində təsadüfən kəşf edilib. Qaz hidratlarının təbiətdə öz-özünə formalaşa bilməsi isə 1960-cı illərdə Rusiyanın Messoyaxa bölgəsindəki daimi buzlaq zonasında kəşf ediləndə məlum olub.

Qaz hidratları dəniz çöküntülərində də meydana çıxa bilər. Son 30 ildə aparılan araşdırmalar göstərib ki, 1 kub metr qaz hidratında 164 kub metr təbii qaz yerləşə bilər. Bu xüsusiyyətlərinə görə qaz hidratları gələcəyin enerji mənbəyi hesab edilir.

Qaz hidratlarının kommersiya məqsədilə istifadəsi ilə əlaqədar ilk araşdırmalar 1982-ci ildə ABŞ-da başladılıb. Amerikalı alimlər iddia edirlər ki, ABŞ-ın cənub-qərb sahili yaxınlığında Atlantik okeanının dibində Bleyk dağ silsiləsindəki qaz hidratlarının köməyi ilə təbii qaza olan 100 illik ehtiyacı təmin etmək mümkündür.

Ötən həftə Çin Cənub Çin dənizində Şenxu rayonunda qaz hidratları çöküntüsündən ilk dəfə təbii qaz ayırmağa başlayıb. Beləliklə, Çin dəniz səviyyəsindən 203 metr dərinlikdə aşkarlanan qaz hidratı ehtiyatlarına çıxış imkanı əldə edib və qaz hidratlarından daim təbii qaz hasil edə bilən ilk ölkələrdən birinə çevrilib.

Türkiyədə 2000-ci ilin başlanğıcında TÜBİAK layihəsi çərçivəsində Qara dənizdə əmələ gələn qaz hidratlarını öyrənməyə başlayıblar. İzmir 9 Sentyabr Universitetinin Dəniz Elmləri və Texnologiyaları İnstitutu elə həmin universitetin seymologiya laboratoriyası “Seislab” ilə birlikdə bu işləri davam etdirir. Son 12 ildir professor Günay Çiftçinin rəhbərliyi altında aparılan araşdırmalarda “Koca Pirireis” elmi-tədqiat gəmisindən istifadə edilir, həmçinin informasiyanın toplanması və təhlili həyata keçirilir.

Başda Qara dəniz olmaqla, Aralıq və Mərmərə dənizləri böyük qaz hidratı potensialına malikdir. Gələcəkdə bu ehtiyatlar Türkiyənin enerji resurslarından asılılığını aradan qaldıra bilər.