“Formula 1”in keçmiş sahibi, milyarder Berni Ekklstounun qızı, fotomodel Tamara Ekklstounun Londonon Kensinqtonsk sarayının yaxınlığında yerləşən malikanəsi qarət olunub.
Fins.az xəbər verir ki, oğrular evdən 67 milyon dollarlıq sərvət əşyaları aparıblar.
“The Daily Mail” qəzetinin yazdığına görə, Tamara Ekklstoun əri və qızı ilə birlikdə şəxsi təyyarəsi ilə yeni il tətilinə yollandan cəmi iki saat sonra malikanəyə oğrular girib. Londonun elit rayonunda yerləşən, təhlükəsizlik xidməti ilə qorunan və ətrafında bir neçə nəzarət-buraxılış məntəqəsinin yerləşdiyi malikanəyə oğrular arxa qapıdan girib, bağdan keçib və Tamaranın yataq otağına daxil olublar. Onlar seyfi açıblar və içərisində 67 milyon dollarlıq zinət əşyalarının saxlanıldığı mücrünü oğurlayıblar.
Hadisə dekabrın 13-də baş verib, milyarderin qızının malikanəsinə üç nəfərin girdiyi bildirilir. Malikanənin qiyməti 94 milyon dollara yaxındır. O, şahzadə Uilyam və xanımı Keyt Middltonun yaşadığı sarayın yaxınlığında yerləşir.
Oğruların evi soyması üçün cəmi 50 dəqiqə vaxt lazım olub, mühafizəçi onları görüb və cinayətkarlar pəncərədən qaçaraq aradan çıxa biliblər. Tamara Ekklstonun mətbuat katibi bildirib: “Kədərlə deməliyik ki, evə oğrular girib. Polis və daxili təhlükəsizlik bütün təfərrüatları araşdırır. Tamara və ailəsi yaxşıdır, amma aydındır ki, onlar baş verənlərdən sarsılıblar və məyusdurlar”.
İngilis milyarder Berni Ekklstonun 35 yaşlı qızının 310 milyon dollar şəxsi kapitalı var. Bu pulları biznesdən, modellikdən, televiziya realiti-şoularından qazanıb. Atasının isə 3.2 milyard dollar pulu var.