Cəmiyyət

28 Yanvar

2025-ci ildə kirayə yolu ilə 2 813 ailə mənzilə sahib olub - İKZF

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

Finss.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən 5 ünvanda yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillər vətəndaşlara təqdim olunub. Hesabat dövründə 2 813 kirayə müqaviləsi rəsmiləşdirilib.

2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, bu mexanizm vasitəsilə indiyədək 9 070 ailənin mənzil şəraiti yaxşılaşdırılıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Fondun məlumatında bildirilib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində indiyədək 17 ünvanda mənzillər təqdim edilib. Bu ünvanlardan:

  • 8-i Bakı şəhərində,
  • 6-sı Abşeron rayonunda,
  • 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Təklif olunan mənzillər vətəndaşların rahat yaşayışı və istirahəti üçün geniş həyətyanı sahəyə malik, eyni zamanda məktəb, uşaq bağçası və səhiyyə müəssisələrinə yaxın ərazilərdə yerləşən müasir yaşayış komplekslərindədir.

Qeyd edilib ki, bütün mənzillər yeni və keyfiyyətli tikinti materiallarından istifadə edilməklə yüksək səviyyədə təmir olunub, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. Həmçinin, təqdim olunan mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Fuad Mədətov
Finss.az