Express Bank mikro kreditlər üzrə böyük mütəxəssis vəzifəsi üçün vakansiya elan edib. Vakansiya Bankın Bərdə, Mingəçevir, Xaçmaz, Lənkəran və Gəncə filiallarını əhatə edir.
Məlumata görə, seçiləcək namizəd kredit bazarının təhlili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb edilməsi, mikro kredit sifarişlərinin qəbulu və bankın daxili prosedurlarına uyğun rəsmiləşdirilməsi ilə məşğul olacaq. Vəzifə öhdəliklərinə mikro kreditlərin təhlili, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqlərin aparılması, kredit memorandumlarının hazırlanaraq kredit komitəsinə təqdim edilməsi də daxildir.
Bununla yanaşı, kredit verildikdən sonra müqavilə və ödəniş cədvəlinə nəzarət, borcların vaxtında ödənilməsinin təmin edilməsi, öhdəliklərini pozmuş müştərilərlə işin aparılması, aylıq satış planlarının yerinə yetirilməsi və yeni əməkdaşların adaptasiyasına dəstək göstərilməsi də namizədin əsas funksiyalarındandır.
Vakansiya üzrə namizədlərdən ali təhsil, müvafiq sahə üzrə 3–4 il iş təcrübəsi, analitik düşünmə və ünsiyyət bacarığı, Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmə, Azərbaycan dilində sərbəst danışıq və komandada işləmək qabiliyyəti tələb olunur.
Tam ştatlı iş üçün nəzərdə tutulan bu vəzifə “mütəxəssis” dərəcəsinə aiddir. Bank tərəfindən əməkdaşlara bilik və bacarıqların artırılması üzrə təlimlər, peşəkar korporativ mühit, tibbi sığorta paketi, eləcə də peşəkar və maddi inkişaf imkanları təklif olunur.
