Cəmiyyət

20 Yanvar

“Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır

Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusilə Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişinə məhdudiyyət yaradıb.

Finss.az xəbər verir ki, buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzalara səbəb olmasıdır.

Məlumata görə, qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkün olmayıb. Üstəlik, aşan ağacları kəsib götürmək də “Azərişıq” ASC əməkdaşlarına əlavə çətinlik yaradıb.

Şaxtalı və qarlı havaya baxmayaraq, “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Məlumata əsasən, artıq bir çox kəndlərdə elektrik enerjisinin verilişi təmin olunub və qısa zaman ərzində digər ərazilərdə də enerji bərpa ediləcək.