Cəmiyyət

20 Yanvar

Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

Finss.az - Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27,000 metr kabel və naqil daxildir.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon ABŞ dollarıdır.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon ABŞ dollarını keçib.