Finss.az - “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib.
Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.
Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar, Bayan və digər kəndlərinin sakinlərinin qatıldığı hesabat xarakterli tədbirdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2025-ci il ərzində icra edilən, 2026-cı ildə isə icrası planlaşdırılan sosial və ekoloji layihələr barədə məlumat verilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov sosial layihələrin xüsusilə təhsil, məşğulluq və sosial infrastruktur sahələrində müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O. Abbasov layihələrin davamlı inkişaf prinsiplərinə uyğun olaraq icra olunmasının region üçün uzunmüddətli faydalar yaratdığını bildirib.
“AzerGold”un KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev Cəmiyyətin dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin rayonun iqtisadi göstəricilərinin yüksəlməsinə, eləcə də orta aylıq əməkhaqqı səviyyəsinə görə respublika üzrə ilk üçlükdə qərarlaşmasına mühüm töhfə verdiyini bildirib. Əksəriyyəti ucqar kəndləri təmsil edən 756 nəfər Daşkəsən sakininin “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə daimi işlə təmin olunduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, 2025-ci il ərzində Cəmiyyət tərəfindən Daşkəsən rayonunda sosial rifahın gücləndirilməsi, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın təbliği və s. istiqamətlərdə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə müxtəlif sosial layihələr həyata keçirilib.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 2026-cı ildə də sosial məsuliyyətlilik prinsipləri əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur, kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarına dəstək, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə layihələrin icrası davam etdiriləcək.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.
Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “AzerGold” QSC adından görüş iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.









