Cəmiyyət

24 Dekabr

Gəncə şəhərində sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib

Finss.az - Tədbirdə istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri, sahibkarların bu sahədəki vəzifələri və istehlakçıların hüquqlarının qorunması mexanizmləri üzrə praktiki nümunələr əsasında izahlar verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquq və mənafelərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi, istehlakçılar və sahibkarlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində maarifləndirici tədbirlərini davam etdirir. Bu silsilədən olan növbəti görüş Gəncə şəhərində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 140-dan çox sahibkarlıq subyekti nümayəndəsinin iştirakı ilə keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.

Çıxışlar zamanı istehlakçıların mənafelərinin qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri, sahibkarların vəzifə və öhdəlikləri, istehlak bazarında rast gəlinən hüquq pozuntuları və onlara görə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, istehlak bazarına nəzarət istiqamətində həyata keçirilən preventiv və inzibati tədbirlər istehlakçı hüquqlarının müdafiəsinə xidmət edir.

Görüşdə müvafiq sahədə hüquqi savadlılığın artırılması məqsədilə Agentlik tərəfindən həyata keçirilən çoxsaylı maarifləndirici görüşlər və məlumatlandırma təşəbbüslərindən də bəhs olunub.  İstehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun artırılmasının vacibliyi vurğulanıb, onlara qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tövsiyələr verilib.

Sonda sahibkarlar tərəfindən ünvanlanan suallar cavablandırılıb, praktiki nümunələr əsasında izahlar təqdim olunub.