Cəmiyyət

23 Dekabr

Fins.az saytının baş redaktoru yubiley medalı ilə təltif olunub

Fins.az saytının baş redaktoru Fuad Mədətov Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

İxtisasca jurnalist olan Fuad Mədətov 20 ildir ki, mətbuatda fəaliyyət göstərir və 2023-cü ildən etibarən Fins.az xəbər portalının baş redaktoru kimi çalışır. Onun uzunmüddətli və səmərəli fəaliyyəti, eləcə də media sahəsində nümayiş etdirdiyi peşəkarlıq bu yüksək dövlət təltifinə layiq görülməsinin əsas səbəblərindən biridir.

Qeyd edək ki, yubiley medalı media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və media ilə əməkdaşlıqda fərqlənən şəxslərə təqdim olunur.

Fuad Mədətov Azərbaycan milli mətbuatının inkişafına göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevəBirinci xanım Mehriban Əliyevaya təşəkkürünü ifadə edib. O, bu yüksək dövlət təltifini Azərbaycan milli mətbuatına göstərilən davamlı diqqətin və peşəkar jurnalistikanın inkişafına verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirib.

Eyni zamanda, Fuad Mədətov Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media ictimaiyyətini səmimi-qəlbdən təbrik edib.

Xatırladaq ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı 20 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilib.