Türk dili əsrlərdir qəlbləri bir-birinə bağlayan, ortaq tariximizin və mədəniyyətimizin ən güclü təməl daşıdır.
Finss.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Dünya Türk Dili Ailəsi Günü ilə bağlı deyib.
Onun sözlərinə görə, dünya Türk Dili Ailəsi Günü münasibətilə Anadoludan Orta Asiyaya, Qafqazdan Balkanlara, Aralıq dənizindən Xəzər dənizinə qədər eyni dili danışan bütün qardaş xalqları səmimi qəlbdən salamlayıram:
"Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərini ifadə etdiyi kimi:
“Birliyimiz gücümüzdür” şüarı ilə Türk dünyasını hər sahədə gücləndirməyi, müxtəlif çağırışlara qarşı daha dözümlü və möhkəm etmək məqsədindəyik."
Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində möhkəmlənən əməkdaşlıq, ortaq dil və mədəniyyətimizin gələcək nəsillərə daha güclü şəkildə çatdırılmasına öncülük edir."
B.Duran qeyd edib ki, Türk dili yalnız ünsiyyət vasitəsi deyil, ortaq dəyərlərimizin, tariximizin və sivilizasiyamızın daşıyıcısıdır:
"Türk dilinin zənginliyini yaşadan, onu qoruyub inkişaf etdirən bütün qurumlara, akademiklərə və könül adamlarına ən səmimi təşəkkürümü bildirirəm. Dilimiz birliyimizin təməlidir və hər sözü gələcəyə uzanan ortaq səsimizdir."
Fuad Mədətov
Finss.az

