Cəmiyyət

10 Dekabr

İİTKM-də Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş seminar keçirilib

Finss.az - Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  “İslahat Könüllüləri” təşkilatı və Dövlət İdarəçilik Akademiyasının birgə təşəbbüsü ilə seminar təşkil olunub. Mərkəzin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində məsuliyyət amili” mövzusunda çıxış edib.

Seminarda Heydər Əliyevin dövlət idarəçiliyində məsuliyyət, təşəbbüskarlıq, uzaqgörənlik, strateji qərarvermə və peşəkarlıq prinsipləri geniş izah edilib. Bildirilib ki, Ulu Öndər Azərbaycanın taleyinə dair qərarların məsuliyyətini öz üzərinə götürərək xalqına qarşı böyük bir öhdəlik hissi ilə fəaliyyət göstərib. Onun rəhbərliyi altında qəbul olunan hər bir qərar yalnız mövcud vəziyyətə deyil, həm də gələcək nəsillərin rifahı ilə bağlı təsir gücünə malik idi.

Heydər Əliyev Azərbaycanın müstəqillik yolunda qarşılaşdığı çətinliklərə qarşı öz üzərinə böyük siyasi və mənəvi yük alaraq ölkəni böhranlardan çıxarmağa müvəffəq olub,  siyasi və iqtisadi sabitliyi təmin edib. Onun hər bir qərarı xalqın gələcəyi üçün mühüm əhəmiyyət daşımaqla milli birliyin qorunub saxlanılmasında rol oynayıb.

Tədbirdə “İslahat Könüllüləri” təşkilatının rəhbəri Nailə Cəfərova və İİTKM-in İnsan Resursları üzrə meneceri Mətanət Rəsulova da mövzu ilə bağlı çıxış ediblər. İnteraktiv müzakirələr sual-cavab sessiyası ilə davam edib.