“Baku Network” Təhlil və Araşdırmalar İctimai Birliyi rəsmi şəkildə Beyin Mərkəzləri Platformasına qoşulub.
Finss.az xəbər verir ki, bu qərar ölkənin intellektual ekosistemində fəaliyyət göstərən aparıcı düşüncə mərkəzləri arasında əməkdaşlığın genişlənməsinə yeni impuls verir.
Müstəqil və qeyri-hökumət qurumu kimi formalaşmış Baku Network beynəlxalq hadisələrin, qlobal təhlükəsizlik trendlərinin, geosiyasi proseslərin dərin analizi ilə tanınır. Mərkəz Azərbaycanın milli maraqlarına təsir edə biləcək siyasi, iqtisadi və təhlükəsizlik amilləri kompleks şəkildə araşdırır, regionun gələcək nəbzini tutan araşdırmalar hazırlayır.
Mərkəzin komandasını beynəlxalq təcrübəyə malik, geniş dünyagörüşlü, yüksək ixtisaslı mütəxəssislər təşkil edir.
Baku Network-un Beyin Mərkəzləri Platformasına qoşulması qurumun institusional inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə analitik düşüncə mədəniyyətinin gücləndirilməsinə də yeni töhfələr vəd edir.
2024-cü ildə fəaliyyətə başlayan Beyin Mərkəzləri Platforması Azərbaycanda daxili siyasət, iqtisadiyyat, təhlükəsizlik, beynəlxalq münasibətlər və digər strateji istiqamətlər üzrə ixtisaslaşan qurumları bir araya gətirən vahid intellektual şəbəkədir. Məqsəd beyin mərkəzləri arasında koordinasiyanı, informasiya mübadiləsini, elmi və strateji sinxronizasiyanı gücləndirməkdir.
Baku Network-un bu platformaya qatılması ölkənin analitik düşüncə məkanını daha da gücləndirir və milli strateji baxışın formalaşmasına əlavə intellektual dəstək qazandırır.
Xüsusilə qeyd etmək lazımdır ki, "Baku Network" analitik mərkəzi bu ilin iyul ayında Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.
Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Network ictimaiyyətə şəhid jurnalistlər haqqında materiallar təqdim edib. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.
Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Baku Network-un “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” adlı layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər sərginin iştirakçılarına, həmçinin UNESCO-nun qərargahında keçirilən və İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş təqdimatın qonaqlarına paylanılıb. Təqdimat Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.
