Cəmiyyət

01 Dekabr

İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə növbəti maarifləndirici görüş keçirilib

Finss.az - Tədbirdə sahibkarlara istehlakçı hüquqlarının qorunması ilə bağlı hüquqi normalar izah edilib, şəffaf xidmətlərin göstərilməsi, istehlakçı etimadının qazanılması və müştəri məmnuniyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu silsilədən olan növbəti görüş Agentliyin təşəbbüsü, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

“Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda keçirilən tədbirdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Görüş zamanı Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.

Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, eləcə də istehlakçı hüquqlarının müdafiəsinə dair mövcud qanunvericiliyin tələbləri və normativ çərçivələri barədə məlumat verilib, bu istiqamətdə təsərrüfat subyektlərinin üzərinə düşən vəzifələr izah edilib və pozuntuların baş verdiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb. Həmçinin Agentliyə daxil olan müraciətlərin araşdırılması mexanizmləri barədə ətraflı məlumat verilib, həyata keçirilən istehlak bazarına nəzarət tədbirləri və Agentliyin maarifləndirmə fəaliyyətinin istehlakçı hüquqlarının müdafiəsində rolu xüsusi vurğulanıb.