Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi çərçivəsində Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmirinin yekunlaşdırılması, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması, Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B4−B8 stansiyaları da daxil olmaqla 10 stansiyanın tikintisi, “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin yekunlaşdırılması işlərinə baxış keçiriblər.
Səfərdə İİTKM-lə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti , Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, “Bakı Metropoliteni” QSC, Nəqliyyatı Əlaqələndirmə Şurasının nümayəndələri də iştirak ediblər.
Bununla da paytaxtda və regionlarda nəqliyyat-tranzit layihələrinin monitorinqi ilə bağlı növbəti səfər yekunlaşıb. Səfər çərçivəsində “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” üzrə həyata keçirilən layihələrə yerində baxış keçirilib, müvafiq qeydlər götürülüb, aidiyyəti qurumlara tövsiyələr verilib.


